"Euronews" telekanalı yaxın gələcəkdə Azərbaycan haqqında daha çox məlumat vermək niyyətindədir. SİA-nın xəbərinə görə, bu gün Bakıda telekörpü zamanı azərbaycanlı jurnalistlərin sualını cavablandıran telekanalın baş direktoru Maykl Piters bildirib.
"Ümid edirəm ki, Azərbaycanın İctimai Televiziyası ilə əməkdaşlıq nəticəsində Azərbaycan haqqında daha çox məlumatların verilməsinə nail olunacaq" – deyə M. Piters qeyd edib.
O, azərbaycanlı jurnalistlərin Qafqaz regionu barədə kifayət qədər məlumatların yayılmaması ilə bağlı iradla razılaşaraq qeyd edib ki, hazırda Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yazılmır.
"Euronews" telekanalının rəhbəri Maykl Piters telekörpüdən əvvəl kanalın fəaliyyəti və gələcək inkişaf strategiyası barədə ümumi məlumat verib. O bildirib ki, hazırda "Euronews"-un yeni binasının inşası istiqamətində işlər aparılır.
M.Piters həmçinin qeyd edib ki, hazırda 11 dildə yayımlanan "Euronews" gələcəkdə 13 dildə yayımlanacaq. O, həmçinin kanalın xəbərlərini mobil telefonlar vasitəsilə izləməyə imkan yaradılacağını bildirib. Müasir mobil telefonlar üçün proqram təminatı barədə ətraflı məlumat verən baş direktor vurğulayıb ki, "Euronews" artıq yalnız telekanal deyil, kanal Avropa əhalisi arasında bir körpü rolu oynamağı hədəfləyir.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB