YAP Gənclər Birliyinin üzvləri Quba soyqırımı məzarlığında olub - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşı olan tələbələr Quba məzarlığını ziyarət edib. SİA-nın verdiyi məlumata görə, gənclər 1918-ci ilin mart ayında ermənilərin Qubada törətdiyi qətliamın qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Bu ziyarətin təşkil edilməsində məqsəd əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Çünki Ermənistan hər il aprelin 24-də uydurma \"erməni soyqırımı\"nı qeyd edir, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Amma Quba məzarlığı əsil soyqırımın ermənilər tərəfindən törədildiyini sübut edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tələbələrə bu məzarlıq haqqında məlumat verilib. Bildirilib ki, 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Qubada da minlərlə günahsız dinc insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Mövcud məzarlıqda isə 600 dinc insan kəsici və küt alətlərlə öldürülərək basdırılmışlar. Ümumilikdə isə, S.Şaumyanın başçılığı ilə1918-ci ildə Qubada 36 min dinc insan vəhşicəsinə qətlə yetirilib.
Qeyd olunub ki, bu həqiqətlərin dünyada tanınması üçün dövlət səviyyəsində işlər aparılır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, hazırda Ermənistan uydurma \"soyqırımı\" dünyada tanıtmağa çalışır. Onun sözlərinə görə, Quba məzarlığını ziyarət etməklə xarici ölkə vətəndaşları olan tələbələr insanlığa qarşı necə cinayətin törədildiyinin şahidi olurlar. \"Bizim istəyimiz ondan ibarətdir ki, bu gənclər əsil həqiqətləri öz imkanları daxilində ölkələrində yaysınlar\", - deyə S.Orucov vurğulayıb.
Çıxışlarda qeyd edilib ki, Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. İnanıram ki, güclü Azərbaycan dövləti erməni yalanlarını büsbütün alt-üst edəcək.
Quba məzarlığı ilə tanış olan xarici ölkə vətəndaşları olan tələbələr gördükləri mənzərədən təsirləndiklərini bildirib və bu haqda məlumatları sosial şəbəkələr vasitəsilə öz ölkələrində paylaşacaqlarını vurğulayıblar.
Xatırladaq ki, əcnəbi tələbələr Türkiyənin, ABŞ-ın, Cənubi Koreyanın, Pakistanın və digər ölkələri təmsil edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB