Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə dair seminar keçirilib

Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə dair seminar keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini İlqar Rəhimovun başçılığı ilə Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqinə dair seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda Bakı şəhərinin rayonlarının, həmçinin alternativ müraciət mexanizmlərinin tətbiq olunacağı Sumqayıt şəhərinin və Abşeron rayonunun Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri, eyni zamanda "Azərpoçt" MMC-nin nümayəndələri, adıgedən şəhər və rayonların poçt filiallarının rəhbərləri iştirak edib.

Seminarda çıxış edən İ.Rəhimov qeyd edib ki, ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin ötən ildən etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda bu məlumatların həmin vətəndaşların mobil telefon nömrəsinə də göndərilməsi üçün müvafiq işlər görülür.

İclasın davamında yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunub, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı ətraflı izahat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə