"İRƏLİ" Tarix Mərkəzinin "Arxeoloji düşərgə" layihəsi bu yay Qəbələdə davam edir.
Avqust ayının 20-dən başlayaraq 20 nəfər gənc Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərində professor Qafar Cəbiyevin rəhbərliyi altında arxeoloji qazıntılarda iştirak edir.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, qədim Qəbələnin Qala hissəsində e.ə. I əsrdən XVIII əsrə qədər yaşayış olub. 1925-ci ildən başlayaraq fasilələrlə arxeoloji tədqiqatlar aparılan Qala ərazisində indiyə qədər 9 yerdə qazıntı işləri görülüb. 2011-ci il qazıntıları zamanı qalanın 1600 kv.m. ərazisində tədqiqat aparılmış, XIV-XVIII əsrlərə aid üst təbəqə, xüsusilə çaydaşından bina özülləri, dulus kürələri, təndirlər, ocaqlar aşkar olunub. IX-XIII əsrlərə aid ikinci mədəni təbəqədə əsasən bişmiş kərpicdən bina qalıqları, quyular, daha bir dulus kürəsi, maraqlı şirli və şirsiz saxsı məmulatı, sferokonuslar, çıraqlar üzə çıxıb.
Arxeoloji düşərgə iştirakçıları həm IX-XIII əsrlər, həm də XIV-XVIII əsrlər təbəqəsində aparılan arxeoloji tədqiqatlara qoşulublar.
Düşərgə avqust ayının 30-na qədər davam edəcək.
"Arxeoloji düşərgə" 2009-cu ildən start götürüb və hər il arxeologiyaya marağı olan gəncləri ölkənin müxtəlif bölgələrində arxeoloji düşərgələrdə iştirakını təmin edir.
Qeyd edək ki, "İRƏLİ" Tarix Mərkəzinin həyata keçirdiyi layihələrdə 100-ə yaxın gənc faydalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB