Qanunsuz bukmeker kontorları təslim olmur-ARAŞDIRMA

Son illər xüsusilə internet vasitəsi ilə keçirilən totalizator oyunlarına maraq artıb. Dövlət səviyyəsində bu məsələ tənzimlənsə də qanunsuz fəaliyyət göstərən bukmeker kontorlarının da sayı azalmır. Əlaqəli qurumlar qeyri-leqal fəaliyyət göstərən idman lotereyası, idman mərc (totalizator), kazino oyunlarını həyata keçirən obyektlərə qarşı tədbirlər keçirsə də hələ də kifayət qədər belə obyekt var.
Qanunsuz obyektlərin azalmamasına səbəb isə bu oyuna maraq göstərənlərin lisenziyasız bukmeker kontorlarına daha çox üstünlük verməsidir. Məsələ ilə bağlı keçirdiyimiz sorğu zamanı oyunun aludəciləri qeyri-leqal bukmeker kontorlarında uduşu çox olduğunu dedilər: "Qeyri leqal kontorların "kafsent" qanuni fəaliyyətdə olan "Topaz" dan çoxdur. Ona görə də hamı qeyri-leqal bukmeker kontorlarına maraq göstərir".
Ancaq futbol oyunlarına pul qoyanlar qanunsuz bukmeker kontorlarındakı problemlərə də toxundular: "Qeyri-leqal fəaliyyət göstərən bukmeker kontorlarında "kafsent" çox olsa da burada uduşlarının batmasına da tez-tez təsadüf olunur. Qanunsuz fəaliyyət göstərən kontorlarda əməliyyatların heç bir əsası olmur. Əgər oyunçulardan kiminsə pulu mənimsənilərsə, əlində hər hansı qanuni sənədi olmadığı üçün bunu sübut edə bilmir".
Totalizator oyununa maraq göstərənlər kartla oynamağın daha etibarlı olduğunu da dedilər: "Bu gün istənilən bankdan kart alıb internet vasitəsi ilə beynəlxalq totalizator oyunlarını pul qoymaq daha sərfəlidir. Bu zaman hesaba nəzarət etmək, uduş olduğu halda kart vasitəsi ilə pulu çıxarmaq olur".

Qanunsuz fəaliyyət göstərən bukmeker kontorlarına nəzarəti gücləndirmək üçün müxtəlif variantlar səslənməkdədir. Bir müddət öncə onların fəaliyyətinin məhdudlaşdırılması üçün saytlara girişin bağlanması və ya bu obyektlərin fəaliyyətinin leqallaşdırılmasını təklif edildi. Eyni zamanda kontorların fəaliyyətini nəzarətdə saxlamaq üçün xüsusi kartlar buraxılması da təklif olunur. Hesab olunur ki, bu cür tədbirlər vergidən yayınma hallarının qarşısını ala bilər.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, bukmeker kontorlarının internet verilişini məhdudlaşdırma əsaslandırılmalıdır. Hansısa saytın bağlanmasına və ya onlara girişin məhdudlaşdırılmasına məhkəmə qərar verə bilər\". O. Gündüz bukmeker saytlarına giriş imkanının əldə edilməsi üçün xüsusi kartların hazırlanmasına ehtiyac olmadığını dedi: "Bütün dünyada olduğu kimi, Azərbaycan vətəndaşları da istənilən bankdan bu cür kartlar alaraq bu işi həyata keçirirlər. Xüsusi kart hazırlamaq və ya bu interneti kəsmək beynəlxalq hüquq normalarına ziddir\".

Vergilər Nazirliyindən isə bildirildi ki, internet vasitəsilə kazino oyunlarının, eləcə də kart və digər qumar oyunlarının keçirilməsi təşkil olunan obyektlərə qarşı təbdirlər davam edir: "Vergidən yayınma hallarının müəyyən edilməsi məqsədilə bu obyektlərdən götürülmüş sənədlər, maddi sübutlar Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılan yoxlamaya təqdim edilir.
Sonuncu dəfə keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı Bayramov Vüsal Rəşid oğluna məxsus Yasamal rayonu, Z.Xəlilov küçəsi 43 ünvanında, Mirzəyev Zaur Ağahüseyn oğluna məxsus "Milan", Z.Xəlilov küçəsi 32 ünvanında yerləşən, Əsgərov Soltan Mülkü oğluna məxsus "Maximum", Z.Xəlilov küçəsi 32 ünvanında yerləşən, Şamil Qurbanovun "Zenit" futbol klublarında qanunsuz olaraq totalizator tipli proqnoz oyunları təşkil olunduğu aşkar olunub. Vergi əməkdaşları həmin obyektlərdən kompyuter dəsti, futbol proqnoz qəbzləri, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər, bloknot, nağd pul götürüblər.
Araşdırma zamanı məlum olub ki, ictimai-iaşə xidməti göstərən bu obyektlərdə internet vasitəsilə kazino oyunlarının, eləcə də kart və digər qumar oyunlarının keçirilməsi üçün kompyuter avadanlıqları quraşdırılıb. Bu cür hallara qarşı mübarizə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə