Məlum olduğu kimi, ölkəmizdə əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, bu sahədə şəffaflığın artırılması, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair iclasında ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilib. Dövlət başçısının tapşırığı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının geniş iclası keçirilib.
Komissiyanın məlum iclasında qaldırılmış məsələlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatı, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi" mövzusunda keçirmiş müşavirədə sözügedən nazirliyin yanında İctimai Şuranın yaradılması qərara alınıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin 2011-ci il 14 iyul tarixli müvafiq əmri ilə nazirliyin yanında İctimai Şuranın tərkibi və onun Əsasnaməsi təsdiq edilib.
Nazirliyin məsul şəxslərinin və bir neçə QHT-nin daxil olduğu İctimai Şurada Ombudsman təsisatını Aparatın baş məsləhətçisi, Müvəkkilin əlillərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov təmsil edəcəkdir.
Bu Şura nazirliyin səlahiyyətlərinə aid məsələlər üzrə təkliflərin hazırlanması məqsədi ilə təşkil olunmuş məşvərətçi qurumdur. Şura fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Əsasnaməsinə uyğun həyata keçirir, vəzifə və funksiyalarına müvafiq tövsiyə xarakterli qərarlar qəbul edir.
Fəaliyyət istiqamətləri üzrə təkliflərin hazırlanması, nazirlik tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və s. məsələlər Şuranın əsas vəzifələri sırasına daxildir.
Qeyd olunmalıdır ki, səlahiyyət müddəti iki il olan İctimai Şura 11 nəfərdən ibarətdir və onun tərkibində dörd istiqamət üzrə - dövlət sosial yardımları və sosial xidmətləri, əlilliyin müəyyən olunması və əlillərin tibbi-sosial reabilitasiyası, işsiz və iş axtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri ilə bağlı işçi qrupları yaradılıb.
Yeri gəlmişkən, Ombudsmanın nümayəndəsi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün respublikanın müxtəlif şəhər və rayonlarında ƏƏSMN-in sifarişi ilə inşa edilən yaşayış binalarındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə yaradılmış Komissiya, habelə Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə kömək göstərən Komissiyada da təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB