“Azəriqaz” alman şirkəti ilə əməkdaşlıq edəcək

“Azəriqaz” alman şirkəti ilə əməkdaşlıq edəcək

Bakı şəhərinin ətraf kənd və qəsəbələrini müasir Avropa standartlarına uyğun olaraq qaz təchizatı sisteminin, o cümlədən də idarəetmə sisteminin yenidən qurulması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi (İB) bır sıra xarici şirkətlərə müraciət edib. Bu barədə SİA-ya açıqlamasında İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, həmin şirkətlərdən Almaniyanın tanınmış "RWE Transgaz", digəri isə "E.ON Ruhrgas" şirkətidir: "Bu şirkətlər tərəfindən ilkin olaraq geniş miqyaslı layihənin konsepsiyaları işlənib. Həmin konsepsiyalara "Azəriqaz"ın və Dövlət Neft Şirkətinin mütəxəssisləri tərəfindən baxılıb. Ümumi rəyə uyğun olaraq isə "E.ON Ruhrgas" şirkətinin təqdim etdiyi konsepsiya qəbul edilib".

T. Cəfərov onu da vurğulayıb ki, konsepsiya əsasında daha ətraflı detallı texniki iqtisadi əsaslandırma hazırlanmalı və maliyyə mənbəyi məlum olduqdan sonra müvafiq olaraq yenidənqurma və müasirləşdirmə işlərinə başlanılmalıdır: "Həmin detallı texniki iqtisadi əsaslandırmanın hazırlanması üçün Dövlət Neft Şirkəti tərəfindən tərəfdaş şirkətin seçilməsi prosesi aparılır. Tərəfdaş şirkət seçildikdən sonra əsaslanmanın hazırlanması işinə başlanılacaq".

"Ümumi konsepsiyaya əsasən qaz təsərrüfatının, o cümlədən idarəetmə sisteminin tam yenidən qurulması və təkmilləşdirilməsi üçün Avropa standartlarına uyğun təxminən 10-15 il tələb olunacaq",- deyə rəis müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə