"Biz Heydər Əliyev irsini öyrənirik" məktəbinin növbəti məşğələsi keçirilib - TƏDBİR

"Biz Heydər Əliyev irsini öyrənirik" məktəbinin növbəti məşğələsi keçirilib - TƏDBİR

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında fəaliyyət göstərən "Biz Heydər Əliyev irsini öyrənirik" məktəbinin növbəti məşğələsi keçirilib.

SİA-nın verdiyi məlumata görə, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva əsasən gənclərdən təşkil olunmuş məktəbin müdavimlərinə məşğələnin mövzusu barədə məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, bütün dövrlər üçün gərəkli olan irsi o qədər zəngin və dəyərlidir ki, Onun Azərbaycan xalqı üçün gördüyü işlərdən danışmaqla bitməz.

"Heydər Əliyev müasir Azərbaycanın qurucusu və yaradıcısıdır" mövzusu ətrafında söhbətinə başlayan millət vəkili Fəttah Heydərov ən vacib məqamlardan söz açıb: "Bu gün Azərbaycan dinamik inkişaf yolu ilə irəliləyir, xalq firavan, xoşbəxt yaşayır. Siyasi, iqtisadi, demokratiya sahəsində qazanılan uğurlar biri-birini əvəz etməklə dünya birliyində ölkəmizin önəmini artırır. Bu xoşbəxtliyi, azad, sərbəst yaşamaq səadətini bizə bəxş edən, xalqımızın xilaskarı Heydər Əliyev olub. Hələ SSRİ-in tərkibində olarkən sovetlər birliyinin ən geridə qalan ölkəsini, Azərbaycanı aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirmək üçün ulu öndərin xidmətlərini müstəqil Azərbaycan üçün hesablanmış tarixi missiya kimi qiymətləndirən millət vəkili bildirdi ki, 1969-cu ildə rəhbərliyə gələn, Azərbaycanın qüdrətlənməsi naminə əsil mənada vətəndaşlıq məsuliyyəti ilə çalışan Heydər Əliyev üçün ən əsas məqsəd insan amili, onun xoşbəxtliyi olmuşdur. Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqı tərəfindən tək lider kimi sevilmir. Ulu öndərin həyatı, siyasi fəaliyyəti həyatımızın hər sahəsini əhatə edən ideoloji faktordur".

4 iyun 1993-cü il Gəncə hadisələrini xatırladan millət vəkili bildirib ki, müstəqilliyimzin üzərini qara buludlar aldığı zamanlarda da Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirib, xalqa bələdçilik edərək insanları arxasınca apara bilib.

YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov müdavimlərə dahiliyi, şəxsiyyəti formalaşdıran, liderlərə məxsus xüsisiyyətləri özündə birləşdirən Heydər Əliyev ucalığından, zirvədə yer alan böyüklüyündən bəhs edərkən Onun rəhbərlik etdiyi YAP-nın cəmiyyətdə tutduğu yüksək mövqe, qazandığı etimad və etibardan söz açıb: "Yeni Azərbaycan Partiyasına getdikcə artan maraq Heydər Əliyev irsinə, siyasətinə etimaddan irəli gəlir. Azərbaycan xalqının xaos içərisində qaldığı o illərdə təsis olunan, az müddətdə iqtidar partiyası kimi nüfuz qazanan YAP-ın Proqram və Nizamnaməsi Heydər Əliyev siyasətinin ideoloji mənbəyi kimi inkişafımızın əsas müddəlarını özündə birləşdirdi".

Sonda natiqlər müdavimləri maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə YAP sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə