Mağazaya bir məhsul almaq üçün giririk. Əvvəlcədən nə alacağımızı bilirik, hətta bəzən siyahı da hazırlayırıq. Amma rəflərin arasında gəzərkən gözümüz “50 faiz endirim” yazısına sataşır. Bir neçə dəqiqə əvvəl almaq fikrimiz olmayan məhsul birdən-birə səbətimizdə peyda olur. Kassaya yaxınlaşanda isə özümüzü belə sakitləşdiririk: “Onsuz da endirimdə idi”.
Əslində isə həmin anda qənaət edib-etmədiyimizi yox, nə qədər qazandığımızı düşünürük. Endirimin ən maraqlı tərəfi də budur. O, bəzən məhsulun qiymətindən daha çox bizim qərarımızı dəyişir.
Normalda bir məhsulun qiymətinə baxanda özümüzə “Mənə bu həqiqətən lazımdırmı?” sualını veririk. Amma məhsulun üzərində əvvəlki və indiki qiymət birlikdə göstəriləndə diqqətimiz ehtiyaca yox, fərqə yönəlir. “150 manat idi, 100 manata düşüb” deyəndə 100 manat xərclədiyimizi deyil, 50 manat qazandığımızı düşünürük. Halbuki həmin məhsula ehtiyacımız yoxdursa, ortada qazanc yoxdur. Sadəcə 100 manatlıq xərc var.
Bəzən evdə istifadə etmədiyimiz əşyalara baxanda onların necə alındığını xatırlamağa çalışırıq. Çoxunun cavabı eyni olur: endirimdə idi. O vaxt həmin məhsul sərfəli görünürdü. Bir müddət sonra isə şkafın küncündə, çekmecədə və ya mətbəxin bir tərəfində yer tutan əşyaya çevrilir.
Endirim bizə yalnız qiymətin aşağı düşdüyünü demir. Eyni zamanda “indi al, sonra gec ola bilər” hissi yaradır. “Son gün”, “son fürsət”, “məhdud sayda” kimi ifadələr insanı uzun müddət düşünməyə yox, tez qərar verməyə sövq edir. Çünki endirimi qaçırmaq istəmirik. Maraqlıdır ki, bəzən heç ehtiyacımız olmayan məhsulu almamaqla nə qədər qənaət etdiyimizi düşünmürük.
İstehlak vərdişlərimiz dəyişdikcə endirim də sadəcə qiymət siyasəti olmaqdan çıxıb gündəlik həyatımızın bir hissəsinə çevrilib. Telefon ekranında qarşılaşdığımız reklam, mağazada gördüyümüz böyük rəqəmlər, səbətə əlavə olunan “sərfəli” məhsullar bizi daha çox almağa həvəsləndirir. Sonda isə mağazaya bir şey almaq üçün girən insan planlaşdırdığından xeyli artıq məhsulla çıxır.
Ən maraqlısı odur ki, insan bəzən kassada ödədiyi məbləğə yox, aldığı endirimə sevinir. “Bu qədər pula bunları aldım” deyir. Halbuki başqa tərəfdən baxanda həmin məhsulların heç birinə ehtiyac yoxdursa, ucuz alış da lazımsız xərc olaraq qalır.
Qənaət hər zaman ucuz məhsul tapmaq demək deyil. Bəzən qənaət etmək mağazada endirim yazısını görüb keçməkdir. Çünki 50 faiz endirimlə ehtiyac olmayan məhsulu almaq qənaət deyil. Həmin məhsulu ümumiyyətlə almamaq daha böyük qənaətdir.
Bəlkə də alış-veriş zamanı ən vacib sual “Neçə faiz endirim var?” yox, “Mən bunu endirim olmasaydı da alardım?” olmalıdır. Cavab “xeyr”dirsə, deməli, bizi məhsulun özü yox, onun üzərindəki rəqəm maraqlandırır.
Endirim həqiqətən qənaətə çevriləndə yaxşı fürsətdir. Amma ehtiyacımız olmayan şeyi sırf ucuz olduğu üçün almağa başlayanda artıq biz endirimdən istifadə etmirik, endirim bizim seçimimizdən istifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB