İkinci əl avtomobil bazarında durğunluğun əsas səbəbi nədir? - EKSPERT AÇIQLADI

İkinci əl avtomobil bazarında durğunluğun əsas səbəbi nədir? - EKSPERT AÇIQLADI

Azərbaycanda ikinci əl avtomobil bazarında son dövrlər aktivlik azalıb. Alıcılar avtomobil seçərkən daha ehtiyatlı davranır, satıcılar isə mövcud qiymətləri qorumağa çalışırlar. Maraqlıdır ki, bazarda durğunluq olsa da, qiymətlərdə ciddi dəyişiklik hiss olunmur. Bəs bu vəziyyət nədən qaynaqlanır və yaxın aylarda bazarda canlanma gözlənilirmi?

Hazırda ikinci əl avtomobil bazarında durğunluğun əsas səbəbi nədir? Qiymətlərin yaxın aylarda dəyişməsi gözlənilirmi? Alıcılar bu dövrdə avtomobil alarkən nələrə diqqət etməlidirlər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, avtomobil bazarında durğunluğun yaranmasının əsas səbəblərindən biri nəqliyyat vasitələrinin ölkəyə idxalının əvvəlki illərlə müqayisədə daha asan və müxtəlif yollarla həyata keçirilməsidir:

“Yəni bu gün istənilən şəxs xaricdən istədiyi avtomobili fərdi qaydada ölkəyə idxal edə bilir.

Digər mühüm məqam ondan ibarətdir ki, hazırda ikinci əl avtomobil bazarında həm çeşid, həm də rəqabət xeyli artıb. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana fərqli markalarda və modellərdə avtomobillər gətirilir. Vətəndaşlar isə əsasən 8–10 yaşlı, lakin texniki vəziyyəti yaxşı olan avtomobillərə üstünlük verirlər. Yəni əsas meyar münasib qiymət və keyfiyyətdir.

Bundan əlavə, ölkə daxilində ikinci əl avtomobil bazarına olan etibar da müəyyən qədər azalıb. Ənənəvi avtomobil bazarlarının rolu əvvəlki kimi deyil. Hazırda sosial şəbəkələr, xüsusilə TikTok, eləcə də müxtəlif elektron elan platformaları avtomobil alqı-satqısında əsas vasitələrdən birinə çevrilib.

Ümumiyyətlə, həm dövlət, həm də özəl sektorda nəqliyyat vasitələrinin alınması, satılması və istismarı zamanı yeni avtomobillərə daha çox üstünlük verilir. Bunun əsas səbəbi yeni avtomobillərin istismar xərclərinin daha aşağı olmasıdır. Az istifadə olunmuş avtomobillərdə texniki nasazlıqlar və əlavə təmir xərcləri də daha az olur. Bu isə avtomobil sahibinin həm xərcini azaldır, həm də istifadəsini rahatlaşdırır.

Avtomobil bazarındakı durğunluğun nə vaxt başa çatacağını indidən dəqiq demək çətindir. Hələlik bu barədə konkret proqnoz vermək tezdir. Ümid edirik ki, qiymətlər daha sürətlə artmayacaq.

Bildiyimiz kimi, hər il avtomobillərin yaş həddi ilə bağlı tələblər tətbiq olunur, yeni avtomobillərin idxalı təşviq edilir və dövlət avtomobil parkının yenilənməsi istiqamətində müxtəlif güzəştlər həyata keçirir. Gözlənilir ki, növbəti illərdə də bu istiqamətdə yeni təşviq mexanizmləri tətbiq olunacaq.

Ümid edirik ki, görülən tədbirlər nəticəsində avtomobil bazarında sağlam rəqabət formalaşacaq və vətəndaşlara daha sərfəli şərtlərlə keyfiyyətli avtomobillər təqdim olunacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə