Kişilər həyat yoldaşının soyadını götürməyə necə baxır? - SORĞU

Cəmiyyətimizdə ailə münasibətləri və adət-ənənələr hər zaman mühüm mövzulardan biri olub. Xüsusilə nikahdan sonra soyad seçimi məsələsi həm hüquqi, həm də sosial baxımdan müxtəlif fikirlərə səbəb olur. Bəzi ölkələrdə qadının ərinin soyadını götürməsi ənənəvi hal kimi qəbul edilsə də, müasir dövrdə fərdi seçim, bərabərlik və kimlik məsələləri daha çox ön plana çıxır.

Son illərdə bu mövzu Azərbaycan cəmiyyətində də daha geniş müzakirə olunur. Gənclər arasında fərqli yanaşmalar müşahidə edilir: bəziləri ailə birliyinin simvolu kimi eyni soyadı qəbul etməyi dəstəkləyir, digərləri isə şəxsi kimliyin qorunmasını və soyad dəyişməməyin daha doğru olduğunu düşünür. Bu mövzu xüsusilə kişilər arasında da maraq doğurur, çünki ənənəvi baxışlarla müasir düşüncə tərzi bəzən bir-birindən fərqlənir.

Bəs görəsən kişilər bu barədə nə düşünür, onlar evləndikdən sonra həyat yoldaşının soyadını götürməyi necə qiymətləndirirlər və bu məsələyə münasibətləri nə dərəcədə fərqlənir?
SİA kişilər arasında sorğu edib.

Şəhər sakini Eldar Qasımov: “Düzünü desəm, bu mövzu mənə hələ də bir qədər qəribə gəlir. Çünki bizdə belə bir ənənə formalaşmayıb və insanlar buna öyrəşməyib. Mən özüm də yəqin ki, bu addımı atmaram. Amma bir tərəfdən də düşünürəm ki, hər kəsin şəxsi seçimidir və buna hörmətlə yanaşmaq lazımdır. Sadəcə, cəmiyyət olaraq biz hələ bu cür dəyişikliklərə tam hazır deyilik”.

Şəhər sakini Azər Kərimov: “Hazırda subayam, amma gələcəkdə ailə qursam belə, həyat yoldaşımın soyadını götürmək fikrim yoxdur. Məncə, soyad insanın kimliyinin, ailə tarixinin bir hissəsidir. Biz o soyadla böyüyürük, tanınırıq. Onu dəyişmək mənim üçün sanki keçmişimdən uzaqlaşmaq kimi görünür. Ona görə də belə bir qərar verməzdim”.

Şəhər sakini Səid Musayev: “Bu məsələyə bir qədər daha geniş baxmaq lazımdır. Dünyanın bir çox ölkələrində bu artıq normal qarşılanır. Əsas məsələ insanların bir-birinə hörmətidir. Əgər ailə daxilində bu qərar razılıqla verilibsə, məncə problem yoxdur. Amma şəxsi olaraq mən yenə də öz soyadımı saxlamağın tərəfdarıyam. Bu, daha çox daxili rahatlıq məsələsidir”.

Şəhər sakini Zəfər Ağayev: “Mən bu mövzuda daha sərt mövqedəyəm. Düşünürəm ki, bu, bizim cəmiyyətə uyğun deyil və belə də qalmalıdır. Hər bir xalqın öz dəyərləri, adət-ənənələri var. Onları qorumaq lazımdır. Soyad məsələsi də bu dəyərlərdən biridir. Ona görə də mən belə bir addımı nə özüm ataram, nə də bunu normal hesab edirəm”.

Şəhər sakini Hacı Ağamalıyev: “Zaman dəyişdikcə baxışlar da dəyişir. Bu gün bizə qəribə görünən bir şey sabah normal ola bilər. Amma indiki mərhələdə mən düşünürəm ki, bu, bizim cəmiyyət üçün hələ tezdir. Mən özüm belə bir qərar verməzdim. Amma gənclər arasında fərqli düşünənlərin olması da təbiidir”.

Şəhər sakini Sabir Muradov: “Bu məsələyə bir qədər praktik yanaşıram. Əgər ortada ciddi səbəb varsa – məsələn, sənədlərlə bağlı, ailə vəziyyəti ilə bağlı – bunu başa düşmək olar. Mənim öz həyatımda da müəyyən fərqli vəziyyət olub və buna anlayışla yanaşmışam. Amma səbəbsiz şəkildə, sadəcə fərqli olmaq üçün belə bir addım atmaq mənə uyğun deyil. Mən daha çox ənənəvi düşüncədəyəm”.

Şəhər sakini Cəmil İsmayılov: “Mən bu məsələdə orta mövqedəyəm. Yəni düşünürəm ki, nə tam qəbul olunmalıdır, nə də qəti şəkildə rədd edilməlidir. Biz ailədə qərara gəldik ki, hər kəs öz soyadında qalsın və bu bizim üçün ən uyğun variant oldu. Əsas odur ki, ailədə qarşılıqlı hörmət və anlaşma olsun. Soyad məsələsi ikinci planda qalır”.

Şəhər sakini Anar Bəxtiyarov: “Açığı, əvvəllər bu fikrə çox uzaq idim və bunu qəbul etmirdim. Amma indi düşünürəm ki, insanları seçimlərinə görə qınamaq düzgün deyil. Əgər kimsə bunu edirsə, deməli onun üçün bunun müəyyən səbəbləri var. Mən özüm belə bir addım atmaram, çünki buna ehtiyac görmürəm. Amma bunu edənlərə də hörmətlə yanaşmaq lazımdır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə