Yevlaxda lotereya qalmaqalı: Hüquqi məsuliyyət haradadır? - VƏKİL AÇIQLADI

Son günlər qeyri-rəsmi şəkildə təşkil olunan lotereya oyunları ətrafında müzakirələr artıb. Belə ki, Yevlaxda bir qrup sakin aralarında lotoreya oynayıb. Yığılan pulu isə bir nəfər götürərək aradan çıxıb. Hadisə bir sualı aktual edir. Bu lotoreyalardakı hansısa neqativ halın hüquqi qiyməti varmı?

Məsələ ilə bağlı vəkil Emil Aslanov SİA-ya açıqlamasında bildirib ki, lotereya oyunlarında iştirak zamanı baş verən hallarda zərər və məsuliyyət məsələləri ciddi hüquqi tənzimlənməyə malikdir:

"Əgər bir şəxsə qarşı vurulan maddi ziyan 500 manatdan çoxdursa, bu artıq cinayət tərkibi yaradır və həmin şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyətə cəlb oluna bilər. Cinayət məsuliyyəti, zərərin həcmi və törədilmiş əmələ görə dəyişə bilər və hüquqi prosedurlar çərçivəsində müvafiq araşdırmalar aparılır.

Digər tərəfdən, əgər vurulan maddi ziyan 500 manatdan azdırsa, bu zaman məsuliyyət inzibati xətalar səviyyəsində tənzimlənir. Belə hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq şəxs xırda talama törətmiş hesab olunur. Bu halda qanunvericilikdə nəzərdə tutulmuş cəza, adətən, 160 saatdan 240 saata qədər ictimai işlər formasında tətbiq olunur. Qeyd etmək lazımdır ki, əgər ictimai işlər həmin onun şəxsi xüsusiyyətlərinə uyğun gəlmirsə, 3 ay müddətinə qədər inzibati həbs nəzərdə tutulur.

Bundan əlavə, tərəflər arasında zərərin ödənilməsi və ya kompensasiyanın verilməsi ilə bağlı notarial qaydada razılaşma bağlansa belə, əgər şəxs əsl niyyətini – yəni başqasının əmlakını əldə etməyi – həyata keçirmək məqsədilə hərəkət edirsə, hüquqi nəticələrdən qaçmaq mümkün olmayacaq. Yəni, notarial razılaşma onun qanunsuz niyyətini leqallaşdırmır. Bu halda, zərərin miqdarı 500 manatdan çoxdursa, şəxs yenə də cinayət məsuliyyətinə cəlb olunacaq; əks halda, İnzibati Xətalar Məcəlləsinə uyğun cəza tədbirləri tətbiq ediləcək".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə