"Kaspi" qəzeti 145 illiyini qeyd edir

Bu gün "Kaspi" qəzetinin 1881-ci il yanvarın 1-də ilk nömrəsinin çıxmasından 145 il ötür. SİA xəbər verir ki "Kaspi" uzun müddət Bakıda yeganə dövri nəşr olub.

Əvvəlcə qəzet həftədə iki dəfə, sonra isə üç dəfə çıxırdı. 1884-cü ildən qəzet gündəlik nəşr olunmağa başlayıb.

Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 145 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əli Mərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub. Topçubaşov "diyar əhalisinin maarifləndirilməsi" və "cəhalət və yoxsulluqdan qurtuluş"u qəzetin missiyası elan edib.

"Kaspi"nin nəşri 1919-cu ildə dayandırılıb və XX əsrin sonunda yenidən bərpa olunub. O zaman Azərbaycan dilində "Kaspi" qəzeti də çıxmağa başlayıb.

"Kaspi" və "Kaspiy" qəzetləri 2021-ci ildən "Global Media Group"un tərkibinə daxildir.

"Üç əsrin qəzeti" müasir dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.

"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə