Bu gün ölkə ərazisində vətəndaş–dövlət münasibətlərinin şəffaflaşdırılması və xidmətlərin əlçatanlığının təmin edilməsi sahəsində nümunəvi model sayılan "ASAN xidmət" işçilərinin peşə bayramı qeyd olunur. SİA olaraq, ASAN xidmət modelinin vətəndaşlara təqdim etdiyi xidmətlərin keyfiyyəti, dövlət idarəetməsində islahatların dərinləşdirilməsində və şəffaflığın təmin edilməsindəki rolunu öyrənmək məqsədilə quruma müraciət etdik.

"ASAN xidmət": ""ASAN xidmət" Azərbaycan vətəndaşı üçün yalnız xidmət aldığı bir məkan kimi qiymətləndirilə bilər. Amma ASAN 4 ciddi istiqaməti əhatə edən unikal konsepsiyadır.
1 - Korrupsiyaya qarşı prezident İlham Əliyevin institusional islahatıdır
2 - Vətəndaş hüquqlarının realizə edilmə konsepsiyasıdır
3 - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən beynəlxalq səviyyədə tanınan platformadır
4 - Rəqəmsal transformasiyanın əsas komponentidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.
“ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 140 mindən çox vətəndaşın 93 milyondan çox müraciəti daxil olub.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 % təşkil edir.
Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən vətəndaşlara səyyar formada 3 milyondan çox xidmət göstərilib.
Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 44.000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Milli brendimiz olan ASAN intellektual məhsul kimi həm də ixrac olunur. Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bu çərçivədə Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, İndoneziya, Pakistan, Kolumbiya, Mərakeş, Özbəkistan, Uqanda, Qırğız Respublikası Efiopiya, Seneqal, Somali, Ruanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO və İslam İnkişaf Bankı (IsDB) ilə ASAN modelinin ixracı ilə bağlı imzalanmış sazişləri qeyd etmək olar. Ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq. Hazırda 5 ölkədə (Uqanda, Özbəkistan, İndoneziya, Əfqanıstan və Efiopiya) “ASAN xidmət” modeli əsasında mərkəzlər fəaliyyət göstərir. Yaxın aylar ərzində Pakistanda "ASAN xidmət" adında ilk pilot mərkəzin fəaliyyətə başlaması planlaşdılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB