Yoqanın sağlamlığımızdakı rolu

Ağır iş rejimi, problemlər sağlamlığımızda, psixologiyamızda izlər buraxır. Bu şərtlər altında xoşbəxt olmaq o qədər də asan iş deyil. Bu baxımdan əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biri yoqadır. Bəs Yoqa nədir?
“Hind fəlsəfəsindən gələn inanca görə yoqa sağlamlıq və rahatlığın açarıdır. Bəzi ölkələrdə yoqanın buddizm elementləri daşıdığı əsas gətirilərək qadağan olunsa da, bu, dini inanc deyil. İnsanın özünü dərindən tanımağı və təbiətin harmoniyasına uyğunlaşmağı yoqada əsas şərtdir. İnsan canlıya, cansıza fərqi qoymadan hər şeyə sevgi ilə yanaşmalıdır. Bu, onu mənasız yerə kədərlənməyinin, ağrılarının qarşısını alır. Yoqanın əsas mənalarından biri – bütövləşməkdir. Bu fəlsəfəyə görə, ziddiyyətlər aradan qalxmalı, daxildəki hisslər bir yerə toplanmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
Onun sözlərinə görə, yoqaya başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək lazımdır. “Nəfəs tutulmamalı və ağızdan yox, burundan alınmalıdır. Üz əzələləri, gözlər və qulaqlar gərilməməlidir. Bədən düz durmalıdır, çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane olur. Hərəkətlər vaxtı beyin mümkün qədər az aktiv olmalıdır. Yoqa idman, gimnastika deyil. Yoqanın məqsədi ruhunuzu və bədəninizi dincəltmək, rahatlatmaqdır. Səhərlər bədən sərt olduğundan hərəkət etmək çətin olur. Beyin də dincəlmiş olduğu üçün, qarşıdakı saatlarda beyin sayıqlığını azaldır. Axşamlar bədən daha elastik olduğundan pozisiyalar da rahat edilir. Səhər yoqası insanın uğur qazanmasına kömək edir. Axşam yoqası isə günün yorğunluğunu çıxarmağa və gərginliyi azaltmağa, rahat və yaxşı yuxu almağa şərait yaradır. Beləliklə, ayaqüstü hərəkətləri səhərlər, oturaq hərəkətləri isə axşam etsəniz yaxşıdır. Hər gün ən azı 15-20 dəqiqənizi yoqaya ayırın. Hərəkətləri edəndə həmişə yaxşı şeyləri düşünün. Bədən ruhun sarayıdır. Xarici görüşün fərqi yoxdur, daxildəki ruh gözəldir. Siz gözəlsiniz, çünki ümumbəşəri gözəlliyin bir hissəsiniz. Siz düşündüyünüzdən daha gözəlsiniz. Özünüzün əyilməz, dözümlü, əsəbləri möhkəm olduğunu düşünməkdən daha çox gözəllik, harmoniya, zəriflik barədə düşünün. İçinizdəki güc və enerji bu düşüncələrə cavab verəcək, yenilənəcək. İnsanın potensialı çox güclüdür, o, istədiyi hər şeyi edə bilər. Pozisiyaları sınaqdan keçirəndə bədəninizin elastik olmamağına əsəbiləşməyin, kefinizi pozmayın. Nə qədər bacarırsınızsa, o qədər edin. Bədəninizi öyrədin, onun qulu deyil, ağası olun. Elə bilin bədəniniz nadinc uşaqdır. Səbirlə, kübarca, qərarlı, inamlı davranın və bədəninizi daim nəzarətdə saxlayın”.

G.Quliyev qeyd edir ki, yoqa nəyə kömək edir? Hər şeydən əvvəl insan düzgün nəfəs alma texnikasını öyrəndiyinə görə həyat keyfiyyəti yüksəlir, sağlamlıq möhkəmlənir. “Ürək atışlarını stabilləşdirir. Qan təzyiqi və dövranı normallaşdırır. Əsəb gərginliyini aradan qaldırdığı üçün depressiya, panika kimi əlamətlər də aradan qalxır. Yoqa onurğanın elastik olmasında, daxili orqanların düzgün işləməsində, yuxusuzluq və kökəlmənin qarşısının alınmasında böyük rol oynayır. Buna görə də, yoqa ilə məşğul olan insanlar yaşlananda da, dinamikliklərini itirmirlər”, - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə