“Azərbaycan Din Xadimlərinin II Forumunda iştirak etməklə ölkəmizin sülh, tolerantlıq və dini həmrəylik prinsiplərinə verdiyi önəmi bir daha vurğulamaq mümkündür. Bu mötəbər tədbirdə iştirakla bağlı dəvətə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Ramin Məmmədova öz dərin minnətdarlığımı bildirirəm".
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Forumda çıxışı zamanı səsləndirib.
Ombudsman bildirib ki, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik və multikulturalizm mühitinin formalaşdığı, müxtəlif millət və dini konfessiyaların qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı diyar kimi tanınır:
“Bu gün multikulturalizm və tolerantlıq milli kimliyindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilib. Ölkəmiz həm də dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi və dialoq platformalarının yaradılması sahəsində mühüm təşəbbüslər həyata keçirir. Son illərdə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar keçirilmişdir".
Səbinə Əliyeva vurğulayıb ki, 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir və Konstitusiya insan hüquq və azadlıqlarını əsas dəyər kimi təsbit etməklə ölkənin suverenliyinin möhkəmləndirilməsinə hüquqi baza rolunu oynayır:
“Dünyəvi dövlət olan Azərbaycanda bütün dini etiqadların qanun qarşısında bərabər olması, vicdan azadlığı və heç kəsin dini, əqidə və fikirini açıqlamağa məcbur edilməməsi Konstitusiyada öz əksini tapmışdır”.
Ombudsman qeyd edib ki, ölkədə dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən məscid, kilsə və sinaqoqlara davamlı dəstək göstərilir, multikulturalizm və tolerantlıq milli irsimizi zənginləşdirən əsas amillərdən biridir:
“Vətən müharibəsində qazandığımız Zəfərin 5-ci ildönümünü qeyd etdik, suverenliyi və ərazi bütövlüyü bərpa edilmiş ölkəmizdə Qarabağ və Şərqi Zəngəzurda yeni bir dirçəliş hökm sürür. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və hüquqlarının bərpası hər birimizi sevindirir”.
Səbinə Əliyeva eyni zamanda erməni işğalı dövründə dağıdılmış dini abidələrin bərpası və istifadəyə verilməsinə göstərilən dövlət diqqətini vurğulayıb:
“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən aparılan bərpa işləri xalqımızın dini inanclarına olan ehtiramın göstəricisidir. Heydər Əliyev Fondunun fəaliyyəti də bu sahədə mühüm rol oynayıb".
Ombudsman Forum iştirakçılarının diqqətinə çatdırıb ki, erməni işğalı zamanı məscid və dini abidələr dağıdılmış, təhqirlərə məruz qalmış, qəbiristanlıqlara minalar basdırılmışdır:
“Ombudsman təsisatı olaraq bu faktları hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinə və müxtəlif dini konfessiyalara çatdırmışıq. Eyni zamanda, dövlət qurumları, vətəndaş cəmiyyəti və dini icmalarla əməkdaşlıqda insan hüquqlarının, dini tolerantlıq və multikulturalizmin təbliği istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir”.
Səbinə Əliyeva əlavə edib ki, Prezidentin hərbi-diplomatik siyasəti nəticəsində regionda sülh bərqərar olmuş və insan hüquqlarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır:
“Bu nəticələr Azərbaycanı regional və qlobal müstəvidə sülh, təhlükəsizlik və humanitar əməkdaşlığın fəal iştirakçısına çevirmişdir".
Ombudsman Forumun əhəmiyyətini vurğulayaraq çıxışını yekunlaşdırıb: “Bugünkü tədbir dini həmrəylik, dövlət-din münasibətlərinin möhkəm təməlləri və multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir və Forumun işinə uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB