Fövqəladə hallar zamanı davranış qaydalarına dair təlim keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Regional “ASAN xidmət” mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib. Təlimə FHN-in regionda yerləşən müvafiq strukturlarının, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Lənkəran Şəhər-rayon Polis Şöbəsinin, Baş Mühafizə İdarəsinin Lənkəran Regional Mühafizə Şöbəsinin və Lənkəran Regional “ASAN xidmət” mərkəzinin qüvvələri cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda, “112” qaynar telefon xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Həmçinin tədbir iştirakçıları xilasetmə avadanlıqlarından, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında təlimatlandırılıblar.

Praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə binadakı vətəndaşların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” və digər təhlükəsizlik əməliyyatları uğurla yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə