Əməliyyatdan əvvəl və ya sonra pasient psixoloqla məsləhətləşməlidir ? - PSİXOLOQ AÇIQLADI

Bu gün dünyada, eləcə də ölkəmizdə plastik əməliyyatların sayı getdikcə artır. Əvvəllər bu hal sənət adamları arasında daha çox dəbdə idisə, hazırda ölkəmizdə sadə vətəndaşların da estetik dəyişimə marağı çoxalıb. Ümumiyyətlə əməliyyatdan əvvəl və ya sonra pasient psixoloqla məsləhətləşməlidirmi ?

Məsələ ilə bağlı psxioloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, özünü bəyənməmək, daim başqaları ilə müqayisə etmək və xarici görünüşdən narazılıq hissi əksər hallarda psixoloji vəziyyətin stabil olmadığını göstərən mühüm əlamətlərdən biridir:

"İnsanların bir qismi həqiqətən də real, obyektiv problemlər yaşadıqları üçün plastik cərrahiyyəyə müraciət edir. Digər bir qisim isə heç bir ciddi fiziki problem olmadan, daha çox psixoloji və sosial təsirlərin nəticəsi olaraq bu addımı atır. Xüsusilə sosial şəbəkələrdə yayılan görüntülər, filtrli fotolar, məşhurların və influenserlərin paylaşdıqları “ideal bədən” anlayışı insanlarda təzyiq yaradır. Trendə düşmək istəyi, “hamı edir, bəs mən niyə etməyim?” düşüncəsi bir çox insanı əməliyyata sövq edir. Bu, artıq fərdi ehtiyacdan çox, sosial müqayisənin və kütləvi psixologiyanın təsiri ilə formalaşan bir davranışa çevrilir. Əvvəllər plastik cərrahiyyə həm maddi baxımdan, həm də imkanlar baxımından hər kəs üçün əlçatan deyildi. Bu gün isə həm texnologiyanın inkişafı, həm də tibbi xidmətlərin genişlənməsi nəticəsində bu əməliyyatlar daha asan əldə edilən hala gəlib. Eyni zamanda bəzi hallarda həkimlərin də istək bildirən demək olar ki, hər kəsə bu əməliyyatları icra etməsi məsuliyyət məsələsini gündəmə gətirir.

Plastik cərrahiyyə, mahiyyət etibarilə, zəruri tibbi müdaxilə deyil, istəyə bağlı və estetik məqsəd daşıyan bir sahədir. Məhz buna görə də bu qərar verilməzdən əvvəl mütləq şəkildə psixoloqla məsləhətləşmə aparılmalıdır. Bəzi hallarda isə psixiatr rəyinə də ehtiyac yaranır. Çünki insanların bir qismində “qonşudan qalma geri” psixologiyası, yəni sırf başqaları etdiyinə görə eyni addımı atmaq istəyi müşahidə olunur.

Hətta elə hallar var ki, insanlar bu əməliyyatı etdirmək üçün ciddi maddi çətinliklərə qatlaşır, digər zəruri xərclərindən imtina edir, aylarla pul yığırlar. Lakin əsas sual ondan ibarətdir ki, əməliyyatdan sonra bu insanlar doğrudan da psixoloji baxımdan rahatlıq tapırlarmı? Təəssüf ki, çox vaxt cavab mənfi olur. Əgər problemin kökü psixoloji vəziyyətdədirsə, xarici görünüşdə edilən dəyişikliklər müvəqqəti məmnunluq yaradır və zamanla yenidən narazılıq hissi ortaya çıxır.

Bu isə artıq daha ciddi bir problemə çevrilir. İnsan əvvəlki əməliyyatla kifayətlənmir, ard-arda yeni müdaxilələrə üz tutur. Nəticədə bu vəziyyət təkcə fərdi problem olmaqdan çıxaraq, daha geniş miqyasda psixoloji və sosial bir problem halını alır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə