Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.
SİA-nın məlumatına görə, bu barədə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
İclasda Ali Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Gündəlikdə duran birinci məsələnin – “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə bağlı bildirilib ki, qanun layihəsi 15 dekabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq birinci oxunuşda müzakirə edilib, onun üzərində iş davam etdirilməklə Ali Məclisin qərarı ilə birinci oxunuşda qəbul olunub. Layihə İqtisadi siyasət komitəsində müzakirə edilərək ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev məlumat verib, qanun layihəsi səsə qoyularaq əsas kimi qəbul edilib.
İclasda qanunun maddə-maddə müzakirəsinə başlanılıb. Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsini gəlir və xərc istiqamətləri üzrə maddələrlə diqqətə çatdırıb.
Mövzu ilə bağlı deputatlardan Bəhruz Məmmədov və Məmməd Məmmədov çıxış ediblər.
Sonra “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Gündəlikdə müzakirə edilən, üçüncü oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Bəxtiyar Məmmədov qeyd edib ki, qanun layihəsi Ali Məclisin 15 dekabr 2025-ci il tarixdə keçirilmiş plenar iclasında müzakirə edilib, Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra səsvermə keçirilərək qanun qəbul edilib.
Gündəlikdə duran sonuncu məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini bildirib ki, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.
Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib və komitənin rəyini diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov müvafiq qanuna edilən dəyişikliklərin əhəmiyyətini vurğulayıb, deputat Kamil Şükürov qanun layihəsi ilə bağlı çıxış edib, təklifini çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB