Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Qarabağ Universiteti, Vəkillər Kollegiyasının və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı və ELSA Azərbaycanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Zəfərin qanunu” layihəsi həyata keçirilib.
SİA-nın məlumatına görə, ELSA Azərbaycan təşkilatından bildiriblər ki, layihənin birinci günündə keçirilən panel sessiyalarında hüquq sahəsinin nüfuzlu nümayəndələri çıxış ediblər. Panel müzakirələrində Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin İnzibati və Hərbi Normativ Aktlar İdarəsinin rəisi Mahir Yolçuyev, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəhbəri Təbriz Musayev, Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktorunun müavini Kəmalə Paşayeva, Vəkillər Kollegiyasının üzvü, “Remells Law Firm” hüquq şirkətinin tərəfdaşı və “Konstitusiya Hüququnun Müqayisəli Əsasları” kitabının müəllifi Rəşid Əliyev, “Raufoglu and Partners” Hüquq Şirkətinin təsisçisi və baş hüquq məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru, Ankara Elm Universitetində assistant professor Təbriz Raufoğlu, Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov, eləcə də Konstitusiya Məhkəməsinin sabiq hakimi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Ceyhun Qaracayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Səbinə Nadirova çıxış ediblər.
Panel müzakirələri konstitusionalizm, suverenlik, müqayisəli konstitusiya hüququ və Konstitusiya Məhkəməsinin dövlət quruculuğundakı rolu mövzularını əhatə edib.
Layihənin ikinci günü Qarabağ Universitetində keçirilən akademik sessiyalarda Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin müəllimi Vüqar Qədimov və beynəlxalq humanitar hüquq üzrə ekspert Qumral Aslanova beynəlxalq humanitar hüquq mövzularında mühazirələrlə çıxış ediblər.
Günün davamında iştirakçılar Qarabağ regionunda tarixi-mədəni məkanlara səfər ediblər.
Layihənin üçüncü və sonuncu günü isə Beynəlxalq Ədalət Məhkəməsi modeli üzrə müsabiqə keçirilib, iştirakçılar hakim qismində çıxış edərək təqdim olunmuş kazus üzrə hüquqi mövqeləri qiymətləndirib və əsaslandırılmış məhkəmə qərarları tərtib ediblər. İştirakçıların çıxışı qiymətləndirilib.
Beləliklə, “Zəfərin Qanunu” layihəsi akademik bilik, praktiki təcrübə və tarixi-mədəni dəyərləri özündə birləşdirərək iştirakçılar üçün zəngin və yaddaqalan layihə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB