İstismar müddəti bitən binalar: Çıxış yolu nədədir ? - EKSPERT AÇIQLADI

Şəhərsalma və inşaat sahəsi zamanla dəyişən sosial, texnoloji və təhlükəsizlik tələblərinə uyğun olaraq daim yenilənir. Xüsusilə Sovet dövründə inşa olunmuş yaşayış binaları bu gün həm istismar müddətinin başa çatması, həm də müasir standartlara cavab verməməsi baxımından ciddi müzakirə mövzusuna çevrilib. Qəzalı vəziyyətə düşmüş binalar təkcə şəhərin memarlıq görünüşünə deyil, eyni zamanda minlərlə insanın həyat və təhlükəsizliyinə birbaşa təsir göstərir.

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov SİA-ya açıqlamasında bildirib ki, bu binaların demək olar ki, hamısı Sovet hakimiyyəti dövründə inşa edilib və müəyyən zaman kəsiyi üçün nəzərdə tutulub:

"Sovet dövrünün özünəməxsus normativləri mövcud idi. Zaman keçdikcə isə müasir texnologiyalar əlçatan olub. Bu da təbiidir: zaman ötdükcə hər bir sahədə tərəqqi baş verdiyi kimi, inşaat sektorunda da inkişaf qaçılmazdır və artıq bunu müşahidə edirik. Nəzərə alsaq ki, Sovet dövründə inşa olunmuş binaların sayı kifayət qədər çoxdur, Bakı–Abşeron ərazisində onların sayı təxminən 16 minə yaxındır və demək olar ki, hamısının istismar müddəti artıq başa çatıb. Bu 16 min bina əsasən 1–5 mərtəbəli tikililərdir; 9 mərtəbəli binalar bu siyahıya daxil edilmir. Lakin 1970-ci illərə qədər inşa olunmuş 9 mərtəbəli binaların da istismar müddəti faktiki olaraq bitmiş hesab olunur. Bu cür binaların sayı ərazilərdə kifayət qədər çoxdur.

Ən önəmli prioritet məsələlərdən biri qəzalı vəziyyətə düşmüş binaların aradan qaldırılmasıdır. Çünki bu tikililərdə yaşamaq bəzi hallarda qismən, bəzi hallarda isə tam təhlükəlidir. Qeyd etmək lazımdır ki, ölkə üzrə ümumilikdə 16 minə yaxın binadan 1 100-ü qəzalı və yarımqəzalı kimi qeydiyyata alınıb. Onlardan təxminən 193 bina isə artıq yaşamaq üçün tam təhlükəli hesab olunur. Bu ilin mart ayında Baş nazirin yanında aidiyyəti dövlət qurumlarının və rəhbər şəxslərin iştirakı ilə bu məsələ ilə bağlı iclas da keçirilib. 2006-cı ildən etibarən tikilən binalar dövlət nəzarəti altında inşa olunub və onların dayanıqlığı təxminən 100 il üçün nəzərdə tutulub. 2012-ci ildə isə normativlər daha da sərtləşdirilib. Bundan sonra inşa olunan binalar kifayət qədər dayanıqlı hesab olunur və düşünürəm ki, onların istismar müddəti 100 ildən az olmayacaq. Adətən yüksək mərtəbəli binaların tikildiyi ərazilərdə torpaq qiymətləri baha olduğu üçün daha çox mənzil əldə etmək məqsədilə hündürmərtəbəli tikintiyə üstünlük verilir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə