Göyçayda vergiödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik, orta və iri biznes nümayəndələri iştirak ediblər.

Görüşün məqsədi sahibkarların vergitutma və sosial sığorta sahələrində qarşılaşdıqları çətinlikləri dinləmək və onların təkliflərini nəzərdən keçirməkdən ibarət olub.

Tədbirdə çıxış edən Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev vergiödəyicilərinin hüquqlarının müdafiəsi, vergi inzibatçılığında şəffaflığın artırılması istiqamətində həyata keçirlən işlər barədə məlumat verib. Qeyd olunub ki, vergi ombudsmanı institutunun əsas məqsədi vergiödəyicilərinin hüquqlarının qorunması və bununla bağlı preventiv tədbirlərin həyata keçirilməsi, onların pozulmuş hüquqlarının bərpası istiqamətində tədbirlərin görülməsi və bu sahədə mövcud təcrübənin inkişaf etdirilməsidir.

Görüşdə iştirakçılara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib. Sahibkarların vergi və sığorta qanunvericiliyinin tətbiqi, inzibatçılıq prosesləri barədə sualları cavablandırılıb, təkliflər qeydə alınıb. İştirakçılar arasında vergi orqanlarına müraciətlərin baxılması vəziyyətinə dair real vaxt rejimində sorğu keçirilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən analoji görüşlərin keçirilməsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə