Lənkəran uşaq evi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5 saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı təmir işlərinə başlanılıb.

Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib. Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz edilib.

Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança inşa edilib.

Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə