Artan kirayə qiymətləri gənclərin sosial müstəqilliyini necə məhdudlaşdırır? -ŞƏRH EDİLDİ
"Şəhərlərdə, xüsusən də Bakı kimi böyük şəhər mərkəzlərində son illər sürətlə artan kirayə qiymətləri gənclərin sosial müstəqilliyinə ciddi təsir göstərir". Bu sözləri SİA-ya açıqlaçasımda ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, bu tendensiya gənclərin həyat qurmaq, karyera planlamaq və sosial fəallıq göstərmək imkanlarını birbaşa zəiflədir: "İlk növbədə, yüksələn kirayə haqları gənclərin müstəqil yaşama yaşını əhəmiyyətli dərəcədə gecikdirir. Normalda gənclər 20–25 yaş arasında ailədən ayrılıb ayrıca evdə yaşamağa meyl edirlərsə, hazırkı bazar şərtləri bu prosesi 27-30 yaşa qədər uzadır. Çünki onların aylıq gəlirlərinin böyük hissəsi-bəzən 40-60 faizi - yalnız kirayə haqqına xərclənir və bu, digər sosial və şəxsi xərclər üçün çox az imkan saxlayır. Artan kirayə qiymətləri gənclərin karyera və təhsil seçimlərinə də birbaşa təsir edir. Onların çoxu mərkəzi ərazilərdə yaşamağı arzulasa da, qiymətlər buna imkan vermir və nəticədə həm iş yerinə, həm də təhsil müəssisəsinə uzaq məsafələrdən gedib-gəlməyə məcbur qalırlar. Bu isə əlavə yol xərcləri, vaxt itkisi və daha çox yorğunluq deməkdir. Eyni zamanda, kirayə yükünün artması gənclərin şəxsi inkişaf kurslarına, dil təlimlərinə, əlavə bacarıq proqramlarına sərmayə qoymasını çətinləşdirir və nəticədə onların əmək bazarında rəqabət qabiliyyətinə də mənfi təsir göstərir.
Sosial müstəqilliyə vurulan ən böyük zərbələrdən biri isə psixoloji yükün artmasıdır. Yüksək kirayə qiymətləri gənclər arasında gələcək planlaşdırmasını çətinləşdirir, onların maliyyə sabitliyi və özünü təminetmə hissi zədələnir. Gənclər çox vaxt kirayə evlərdə həddindən artıq qənaət etmək məcburiyyətində qalır, bəziləri isə daha ucuz olduğuna görə keyfiyyətsiz və təhlükəsizliyi zəif olan evlərdə yaşamağa razı olur. Bu da uzunmüddətli sosial rifaha mənfi təsir göstərən faktorlardandır. Nəticə olaraq, şəhərlərdə kirayə qiymətlərinin artması təkcə əmlak bazarı problemi deyil, həm də sosial inkişaf məsələsidir. Gənclərin müstəqilliyi, karyera seçimi, sosial fəallığı və psixoloji komfortu kirayə yükündən birbaşa asılı olduğu üçün bu sahədə balanslı və uzunmüddətli dövlət siyasətinə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB