Sümük iliyi transplantasiyası icbari tibbi sığortanın təminatına daxildir - İTSDA
Sümük iliyi transplantasiyası onkoloji və hematoloji xəstəliklərin ağır gedişində tətbiq olunan həyati vacib tibbi xidmətlərdən biridir. Bu xəstəliklər zamanı sümük iliyinin normal qan hüceyrələrini istehsal etmək qabiliyyəti zəifləyir və pasiyentlərdə davamlı halsızlıq, qansızma meyilləri, tez-tez infeksiyalara yoluxma, sümük ağrıları və hərarət artımı kimi əlamətlər meydana çıxır. Belə hallarda müalicənin ən effektiv üsullarından biri sümük iliyi transplantasiyası hesab olunur. 2024-cü ildən bugünədək icbari tibbi sığorta hesabına 20-dən çox sümük iliyi transplantasiyası icra olunub. İcbari Tibbi Sığorta Agentliyindən (İTSDA) SİA-ya bildirilib ki, əvvəllər əsasən xaricdə və yüksək maliyyə vəsaiti hesabına icra olunan sümük iliyi transplantasiyası hazırda Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu isə müasir tibbi xidmətlərin ölkə daxilində əlçatanlığını artırır, vətəndaşların maddi yükünü azaldır. Əməliyyata ehtiyac duyan pasiyentlər ilkin olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməlidir. Müvafiq sənədlər təqdim edildikdən sonra vətəndaş tibbi göstəriş əsasında tibb müəssisəsinə yönləndirilir və müvafiq tibbi xidmətlər icbari tibbi sığortanın təminatı ilə həyata keçirilir.
Əməliyyatın icrası üçün pasiyentlər əvvəlcə geniş diaqnostik müayinələrdən keçirlər. Qanın ümumi və biokimyəvi analizi, immunoloji testlər, sümük iliyi biopsiyası, donor-resipiyent uyğunluğunun müəyyən edilməsi üçün HLA tipizasiyası, həmçinin KT və MRT kimi instrumental müayinələr aparılır.
Transplantasiya ilə bağlı diaqnostik müayinələr, həm donor, həm də resipiyentin əməliyyatı, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta çərçivəsində qarşılanır. Qeyd edək ki, sümük iliyi transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir.
Transplantasiyanın iki növü mövcuddur:
1. Otoloji - yəni pasiyentin öz hüceyrələrinin toplanaraq ona köçürülməsi;
2. Allogenik – yəni uyğun donordan götürülən hüceyrələrin köçürülməsidir.
Əməliyyat zamanı pasiyent steril şəraitdə yerləşdirilir və yeni hüceyrələrin köçürülməsi həyata keçirilir. Növbəti 2-3 həftə ərzində yeni sümük iliyinin yerləşməsi izlənilir. Bu müddətdə pasiyentlər 45-60 gün havalandırma sistemi ilə təchiz olunmuş xüsusi palatalarda saxlanılır.
Əməliyyatdan sonrakı dövrdə xəstələr 2 ilə qədər həkim nəzarətində qalırlar. Həkimlərin müşahidələrinə görə, sümük iliyi transplantasiyası olan pasiyentlərin çoxunda uzunmüddətli remissiya əldə olunur və həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB