“Hər bir insanın həyatında iki əsas ailə anlayışı mövcuddur: biri doğulduğu ailə, digəri isə özü qurduğu, yəni reproduktiv ailə. Doğulduğumuz ailəni biz seçmirik — bu, bizim taleyimizə yazılan bir gerçəklikdir. Ancaq sonradan qurduğumuz ailə bizim seçimimiz əsasında formalaşır. Maraqlıdır ki, bəzən öz seçimimizlə qurduğumuz ailədə də ideal münasibətlər sistemi formalaşmaya bilir və bu zaman yaşanan problemlər insan psixologiyasına dərin və mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, ilkin adaptasiya dövründə yəni ailə qurulan ilk mərhələdə və sonrakı inkişaf mərhələlərində münasibətlər ya müsbət, ya da mənfi istiqamətdə təsir edə bilər. Əgər doğulduğumuz ailədə — valideynlərimizlə, bacı-qardaşlarımızla sağlam və səmimi münasibətlər mövcuddursa, bu bizim həyatımıza da öz əksini tapır. Belə insanlar daha özgüvənli, psixoloji cəhətdən dayanıqlı və sosial adaptasiyası yüksək olurlar. Əksinə, problemli ailə mühiti — davamlı konfliktlər, sevgi və anlayışın olmaması insanın dostluq münasibətlərinə, iş mühitindəki davranışlarına və ümumi psixoloji durumuna mənfi təsir edə bilir.
Reproduktiv ailə, yəni insanın sonradan qurduğu ailə isə adətən gənc yaşlarda formalaşdığı üçün burada təcrübəsizlik və səriştəsizlik ilk illərdə ciddi çətinliklərə yol aça bilir. Bu, ailə daxilində anlaşılmazlıqlara, qarşılıqlı münasibətlərdə pozuntulara səbəb olur və nəticə etibarilə şəxsin digər insanlarla münasibətlərinə də mənfi şəkildə təsir edə bilər.
Lakin ailə dəyərlərini tanıyan və ailə psixologiyasını anlayan insanlar bu çətinliklərin öhdəsindən daha rahat gəlirlər. Əsas məqamlardan biri də şəxsin ailədə yaşadığı problemləri iş həyatına və ya ictimai münasibətlərə daşımamasıdır. Sağlam bir yanaşma budur ki, ailədə olan ailədə qalmalı, işdə olan isə işdə qalmalıdır. Bu baxımdan ailə ilə bağlı biliklər, psixoloji maariflənmə və dəyərlərə bağlılıq insanın həyat keyfiyyətinə birbaşa təsir göstərir.
Hər iki ailə modeli bizim şəxsiyyətimizə, psixoloji balansımıza və sosial münasibətlərimizə ciddi təsir edir. Bu təsirləri dərk edib düzgün idarə etmək isə uğurlu və balanslı həyatın əsas şərtlərindən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB