Azərbaycan nümayəndə heyəti Astanada innovativ layihələr təqdim edib

Azərbaycan nümayəndə heyəti Astana şəhərində keçirilən “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsində ölkəmizi uğurla təmsil edir. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, bu il müsabiqədə ölkəmizi gənclər və məktəblilərdən ibarət 10 nəfərlik nümayəndə heyəti təmsil edir. “İştirakçılar dörd müxtəlif istiqamət üzrə layihələr təqdim ediblər”, – deyə o bildirib. Elşən Hüseynov qeyd edib ki, təqdim olunan layihələr bir-birindən fərqli və maraqlı məzmunu ilə seçilir.

“İştirakçı gənclər bundan əvvəl həm ölkə daxilində, həm də xaricdə beynəlxalq layihələrdə fəal iştirak ediblər. Layihələr arasında xüsusilə tibb və İT sahələri üzrə təqdim olunan işlər diqqət çəkir. Bundan əlavə, təbiətşünaslıqla bağlı mövzu da layihələr arasında əsas yer tutur. Dünyada bu sahəyə marağın artdığını nəzərə alan Azərbaycan gəncləri ekoloji problemlərə xüsusi önəm verib və buna uyğun maraqlı ideyalar təqdim ediblər”, – deyə o vurğulayıb.

Sektor müdirinin sözlərinə görə, bəzi layihələrin patent almaq potensialı var. “Bu ideyalar gələcəkdə ölkəmizin müxtəlif sahələrində tətbiq oluna, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına töhfə verə bilər. Layihələr elmi araşdırmaların inkişafına təkan verə biləcək səviyyədədir”.

O, şagirdlərimizin müsabiqədə yüksək nəticələr əldə edəcəklərinə və gələcəkdə də bu cür layihələrdə fəal iştiraklarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, müsabiqənin məqsədi MDB məkanında gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Azərbaycan nümayəndə heyəti müsabiqədə Azərbaycan Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə