“Sosial media vasitəsilə düzgün ailə dəyərləri təbliğ olunmalıdır“ - SOSİOLOQ DANIŞDI
“Boşanma hallarının artmasının əsas səbəblərindən biri sosial şəbəkələrin təsiridir. İnternet dövrünün başlaması ilə sosial media platformaları həyatımıza daxil oldu və qısa müddətdə geniş yayıldı. Bu platformalarda bəzi qadınların nümayişkaranə paylaşdığı görüntülər - sevgililərindən aldıqları güllər, hədiyyələr, avtomobillər, bahalı geyimlər və s. digər qadınlarda yanlış gözləntilər yaradır. Halbuki bu paylaşımların bir çoxu ya real deyil, ya da qəsdən diqqət çəkmək və bəyənilmək üçün edilir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq, əməkdar jurnalist Mətanət Məmmədova deyib.
O bildirib ki, belə paylaşım və görüntülər düşüncə səviyyəsi zəif olan bəzi qadınları yoldan çıxarır, onların həyat yoldaşlarından eyni şeyləri tələb etməsinə gətirib çıxarır: “Bu da ailədaxili narazılıq və gərginliklərə səbəb olur. Beləliklə, sosial şəbəkələr ailədaxili münasibətlərdə çat yaratmağa başlayır və nəticədə boşanma halları artır.
Bundan əlavə, bəzi sosial media qruplarında qadınlara daim "öz ayaqları üzərində durmalı", "kişidən asılı olmamalı", "azad olmalı" kimi çağırışlar edilir. Bu cür yanaşmalar qadınlarda ailəyə qarşı dözümsüzlük və məsuliyyətdən qaçmaq meyli yaradır. Əvvəllər qadınlar ailədəki çətinliklərə səbir və təmkinlə yanaşırdılar, indi isə bir çox qadın ilk problem qarşısında boşanmağa meyilli olur.
Boşandıqdan sonra qadınların üzərinə həm maddi, həm də məişət yükü düşür: kommunal ödənişlər, bazarlıq, uşaqların məktəb və bağçaya aparılıb-gətirilməsi, ev işləri və s. Əvvəllər bu işlər ailə daxilində bölüşülürdü, əsas məsuliyyət isə kişilərin üzərində idi. Boşanmadan sonra qadın bu yükün tək daşıyıcısına çevrilir, bu da əlavə psixoloji və fiziki yorğunluq yaradır.
Digər bir təhlükəli məqam isə sosial şəbəkələrdə ailə məsələlərinin ictimailəşdirilməsi, özəl problemlərin müzakirəyə çıxarılmasıdır. Bu da ailə münasibətlərinə ciddi zərər vurur. Sosial media qadınlarda "güclü olmaq", "tək yaşamaq" və "kişisiz həyatın üstünlükləri" kimi yanlış təəssüratlar yaradır. Halbuki bu azadlıq real həyatda bir çox qadın üçün daha ağır nəticələr doğurur — həm maddi, həm də mənəvi baxımdan.
Sosial şəbəkələrdəki bu neqativ təsirin qarşısını almaq üçün nəzarət mexanizmləri yaradılmalı, maarifləndirmə işləri aparılmalıdır. Sağlam və uzunömürlü ailələr bu mübarizədə aktiv rol almalı, sosial media vasitəsilə düzgün ailə dəyərləri təbliğ olunmalıdır. Televiziya və sosial mediada ailənin müqəddəsliyi, ailədaxili dəstək və dözümlülük haqqında maarifləndirici qısa filmlər, videolar paylaşılmalıdır.
Ailə dəyərləri zamanla sarsılsa da, bu prosesi dayandırmaq mümkündür. Bunun üçün hər bir fərd, ailə və cəmiyyət üzvü bu məsuliyyəti dərk etməli, sosial medianın təsiri ilə ailələrin dağılmasının qarşısını almağa çalışmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB