Ehtimal olunan fövqəladə hallar barədə dərslik

Müasir dövrdə təbii fəlakətlər, texnogenqəzalar və bioloji təhlükələrin nəzarətdə saxlanılması, risklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi hər bir ölkənin təhlükəsizlik sistemində prioritet məsələlərdən biridir. Oktay Rzayev və Xatın Ağayevanın müəllifliyi ilə hazırlanan “Azərbaycan Respublikası ərazisində ehtimal olunan fövqəladə hallar” adlı dərs vəsaiti məhz bu reallıqları elmi-nəzəri əsaslarla təhlil edir və oxuculara milli təhlükəsizlik baxımından aktual bilgilər təqdim edir. SİA xəbər verir ki, Dosent Oktay Rza oğlu Rzayev uzun illər kafedra müdiri kimi fəaliyyət göstərərək Azərbaycanda təhsilin və elmin inkişafına töhfələr vermişdir. Ali bu sahədə bir çox məqalə müəllifidir.

Gənc pedaqoq Xatın Elşad qızı Ağayeva isə Naxçıvan Müəllimlər İnstitutunda baş müəllim kimi fəaliyyət göstərir və “Mülki müdafiə və ilk tibbi yardım” fənnini tədris edir, bu sahədə araşdırmalar aparır.

Təhsil ailəsinin görüşünə gələn yeni dərs vəsaiti Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasında hazırlanmış və “Məktəb” nəşriyyatı tərəfindən 2025-ci ildə çap olunmuşdur.

Ümumilikdə 74 səhifədən ibarət olan vəsait 17 bölməni əhatə edir və fövqəladə hallar mövzusuna həm elmi, həm də praktik baxımdan geniş yanaşır. Əsərin elmi redaktoru – tanınmış pedaqoq, Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayevin son illərdəki elmi-pedaqoji fəaliyyətinin mühüm nümunələrindən biridir. Təəssüflər olsun ki, Vahid müəllim kitabın çapından əvvəl vəfat etmişdir.

Dərsliyin rəyçiləri isə Parviz Rəşad oğlu Allahverdiyev və Vidadi Kərim oğlu Salmanovkimi təcrübəli mütəxəssislərdir.

Kitabda təbii (zəlzələ, daşqın, torpaq sürüşməsi), texnogen (partlayış, yanğın, kimyəvi sızma) və bioloji (epidemiya və s.) vəziyyətlərdə fövqəladə halların yaranma səbəbləri, nəticələri və qarşısının alınması yolları ətraflı şəkildə şərh olunur. Müəlliflər, Azərbaycan Respublikasının ərazisində müşahidə oluna biləcək bu halların aradan qaldırılması və nəticələrinin minimuma endirilməsi üçün zəruri tədbirləri sistemli şəkildə təqdim edirlər. Vəsaitin daha böyük mahiyyəti və dəyəri ondadır ki, o, yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də praktik fəaliyyət üçün mühüm istiqamətlər müəyyən edir. Bu baxımdan dərs vəsaiti təkcə tələbələr üçün deyil, həm də fövqəladə halların idarə olunması sahəsində çalışan mütəxəssislər üçün əhəmiyyətli mənbədir.

Əsərin dili sadə, aydın və elmi tərzdədir, bu da onu maarifləndirici və geniş oxucu auditoriyası üçün anlaşılan edir. Bundan başqa rəvan yazı üslubu mütaliədə axıcılığı təmin edir. “Azərbaycan Respublikası ərazisində ehtimal olunan fövqəladə hallar” dərs vəsaiti müasir dövrdə təhlükəsizlik və vətəndaş müdafiəsi sahəsində elmi-nəzəri əsasları gücləndirən, gələcək müəllimlərin və tələbələrin fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini artıran önəmli elmi-pedaqoji mənbədir. Bu nəşr həm də Naxçıvan elmi mühitində təhlükəsizlik mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verir. Vəsait həm də fövqəladə vəziyyətdə mobil qruplar arasında çevik maarifləndirici imkanlara malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə