Şamaxı heyvan bazarında yenidənqurma işləri davam edir

Ölkə üzrə heyvan bazarlarında aparılan yenidənqurma işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bazarda agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib.

Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Şamaxı heyvan bazarında görülən işlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə