FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himni səslənəndən sonra çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik edib, onlara Vətənə xidmət yolunda uğurlar arzulayıblar.

Tədbirdə qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad edib, bir sutkadan da az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Çıxış edən gənc əsgər Rəhman Hüseynli hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini bildirib.

Əsgər valideynləri Mehman Hüseynov və Ramin Əliyev çıxışlarında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsi və hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlıqlarını çatdırıblar.

Gənc əsgərlər ölkəmizin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi keşiyində ayıq-sayıq dayanacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə