"KİV-in güclənməsi musiqi zövqlərinə ciddi təsir göstərir" - SOSİOLOQ AÇIQLADI

"Müasir dövrdə sosial şəbəkələrin və kütləvi informasiya vasitələrinin güclənməsi musiqi zövqlərinə ciddi təsir göstərir. Platformaların algoritmləri daha çox baxış və paylaşım gətirən sadə, tez əzbərlənən və emosional effekt verən musiqiləri irəli çəkir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, nəticədə gənclər keyfiyyətli musiqini deyil, qarşılarına çıxan və sürətlə yayılan kontenti daha çox dinləməyə meyllənirlər: "Digər mühüm faktor mədəni kapitalın səviyyəsidir. Ailə və məktəbdə musiqi mədəniyyəti, estetik zövq və sənət anlayışı formalaşdırılmadıqda gənclər əyləncəyə yönəlmiş, məzmun baxımından zəif musiqiləri normal və qəbul edilən bir seçim kimi görürlər. Bu zaman fərdi zövqdən çox, sosial mühitin diktə etdiyi vərdişlər rol oynayır. Eyni zamanda, qrup kimliyi və sosial uyğunlaşma da bu prosesə təsir edir. Gənclər çox vaxt dost çevrəsinin, həmyaşıd qruplarının dinlədiyi musiqiyə qoşur, bununla da sosial aləmdə qəbul olunmağa çalışırlar. Bu baxımdan bayağı musiqi yalnız bir əyləncə deyil, həm də “qrupa aid olmaq” vasitəsi kimi çıxış edir. Psixoloji amillər də unudulmamalıdır. Sadə ritmli və düşüncə tələb etməyən musiqilər gündəlik stressdən uzaqlaşmaq üçün ən asan vasitələrdən biridir. Bu səbəbdən gənclər daha dərin məzmunlu əsərlərə yönəlmək əvəzinə rahatlıq və emosional boşalma təmin edən musiqiləri seçirlər.

Son olaraq, musiqi sənayesinin kommersiyalaşması bayağı kontentin yayılmasını gücləndirir. Sənaye keyfiyyətə deyil, satışa və klik sayına yönəldiyi üçün kommersiya məqsədli musiqilər daha çox önə çıxır və gənclərin zövqünü formalaşdırır.

Bu tendensiya uzunmüddətli dövrdə gənclərin estetik düşüncəsinin zəifləməsinə, mədəni zövqün səthiləşməsinə və yaradıcı potensialın tam inkişaf etməməsinə səbəb ola bilər. Buna görə də sosioloq kimi hesab edirəm ki, gənclər arasında sağlam musiqi zövqünün formalaşdırılması üçün mədəni təhsilin gücləndirilməsi, keyfiyyətli musiqiyə çıxışın artırılması və maarifləndirici fəaliyyətdən istifadəyə ehtiyac var".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə