Təmas qorxusu və ya Haptophobia fobiyası

Müasir dövrdə meqapolis sakinləri üçün toxunma qorxusu mədəniyyətin demək olar ki, bir hissəsidir. Etik qaydalar insanlar arasında və xüsusən də yad insanlarla fiziki təmasların minimuma endirilməsini təmin edir. Ancaq toxunmaqdan yaranan qorxu, uşaqlıqdan, uşaq və valideynlər arasındakı münasibətdən qaynaqlanır. Ümumiyyətlə, hər bir fobiyanın arxasında böyük bir travma dayanır. Əksər hallarda insanlar bu travmanın fərqinə belə varmırlar. Amma bu travma şüuraltı olaraq insan hansısa pis bir hadisəni yadda saxlayır və bu, həmin insanın həyatına fobiya olaraq qayıdır. Bu travmaları araşdırmaq üçün isə psixoloji müdaxilələr mütləqdir.

“Toxunma qorxusundan əziyyət çəkən insanlar öz şəxsi məkanlarını təhlükə hiss etdikləri bir şəkildə qorumağa meyillidirlər. Hər bir insanın yalnız, ümumiyyətlə qəbul edilmiş «rahatlıq zonasını» deyil, insan bədəninin özünü də əhatə edən fərdi olaraq fərdi bir məkanı var. Toxunuşlar kobud «sərhəd pozuntuları» kimi qəbul edilir. Bir insana toxunmağın yüzlərlə bəlkə də minlərlə forması var. Qəzəblə toxunmaq, nəvazişlə, hirslə, zor tətbiq etməklə, incə, sərt və s. toxunma formaları var. Hər bir insan qarşısındakı insana toxunduğu zaman öz mahiyyətini, niyyətini və qarşısındakı insana göstərdiyi yanaşmanı fiziki olaraq «deyir». Və hər bir toxunuş bir enerjidir. Ən incə formada toxunsanız belə, əgər niyyətiniz qarşınızdakı insanın arzusunda olmadığı bir niyyətdirsə, əksər hallarda bu toxunuşlar qarşınızdakı insanda ikrah hissi yaradacaq. Və ya əgər siz yıxılan bir insanı ayağa qaldırmaq üçün qolundan tutub qaldırırsınızsa, həmin yardıma ehtiyacı olan insan sizin toxunuşunuzdan narahat olmayacaq. Halbuki adi vaxt yad birinin qolundan tutmaq onun heç də xoşuna gəlməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, fobiyadan ancaq bir mütəxəssisin yardımıyla qurtula bilərsiniz: “Yuxarıda da qeyd etdiyimiz kimi, hər bir qorxunun təməli var və bu təməli ancaq mütəxəssis anlaya və aradan qaldıra bilər. Fobiyaları görməzdən gəlməyə çalışmayın. Mütləq peşəkar bir yardım almağa çalışın. Çünki psixoloji sarsıntılar insan psixologiyasına ağır təsirlərini göstərə bilir. Bu da zehni xəstəliklərə (alzaymer, paranoya və s.) yol aça bilər”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə