Naxçıvanda gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilib

“Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda növbəti maarifləndirmə tədbiri Naxçıvanda keçirilib. Tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə işəgötürənlər üçün təşkil olunub. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, çıxışlarda sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, həmçinin Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbir “Əmək və məşğulluq” (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında, iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrdən dövlət və qeyri-dövlət sektorunu təmsil edən 30-a yaxın nümayəndənin iştirakı ilə təşkil edilib.

Sonda müzakirə edilən mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə