Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı “Tap, məhv et ” kampaniyası...

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssislərindən ibarət qruplar bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair monitorinqlər həyata keçirirlər. Respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Zaqatala rayonunun Danaçı kəndində də zərərvericiyə qarşı maarifləndirici görüşlər və praktik tədbirlər həyata keçirilib.

SİA xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı mütəxəssislər zərərvericinin bioloji xüsusiyyətləri, aşkarlanma üsulları, məişət sahələrinə və təsərrüfatlara vurduğu ziyan, həmçinin qarşısının alınması üçün mövcud mübarizə metodları barədə kənd sakinlərinə ətraflı məlumat veriblər.

Danaçı kəndində təşkil olunan maarifləndirici tədbirlər çərçivəsində “Tap, məhv et” kampaniyasının tələblərinə uyğun olaraq qəhvəyi mərmər bağacığının aşkarlandığı ərazilərdə mexaniki mübarizə üsullarının tətbiqi nümayiş etdirilib. Mütəxəssislər əhalinin bu prosesə fəal şəkildə cəlb olunmasının vacibliyini qeyd edərək, zərərvericinin xüsusilə payız-qış mövsümündə yaşayış evlərinə toplaşma meylinin artdığını bildiriblər. Sakinlərə zərərvericinin yetkin fərdlərinin təhlükəsiz şəkildə məhv edilməsi qaydaları izah edilib. Mütəxəssislər bildiriblər ki, vaxtında görülən mexaniki və profilaktik tədbirlər qəhvəyi mərmər bağacığının populyasiyasının azalmasına və növbəti ildə təsərrüfatlara vurduğu ziyanın minimuma endirilməsinə mühüm töhfə verir.

“Kampaniya çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri, evlərdə və təsərrüfat sahələrində monitorinqlər davam etdirilir. Aqrar Xidmətlər Agentliyi ölkənin bütün bölgələrində “Tap, məhv et” kampaniyasını mövsüm boyunca davam etdirəcək və əhali ilə birgə qəhvəyi mərmər bağacığına qarşı mübarizə işlərini daha da gücləndirəcək.Kampaniyanın məqsədi qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq, əhalinin maarifləndirilməsi yolu ilə mübarizə tədbirlərinin daha səmərəli təşkilinə nail olmaqdır”, - deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə