İşə düzəltmə şirkətləri nə dərəcədə etibarlıdır? - AYDINLIQ GƏTİRİLDİ

“Qanunla ölkəmizdə işə düzəltmə vasitəçiliyini yalnız hüquqi şəxslər həyata keçirə bilər. Lakin bunun üçün xüsusi lisenziya və ya rəsmi icazə tələb olunmur. Hazırda bu sahədə çoxsaylı fırıldaqçılıq halları müşahidə olunur. Fiziki şəxslər ofis açaraq insanları aldadır, müxtəlif adlar altında — anket pulu və ya digər bəhanələrlə vəsait toplayırlar. Məbləğlər adətən böyük olmasa da (30-40-50 manat), nəticədə iş axtaran şəxs nə iş tapır, nə də pulunu geri ala bilir”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.


Sahib Məmmədov sözlərinə belə davam edib: “Bu kimi hallarda vətəndaşlar çox zaman hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Səbəbi isə odur ki, az məbləğli vəsait üçün aylarla çəkə biləcək proseslərə girmək istəmirlər. Amma bu hallar olduqca çoxdur və sistematik xarakter alıb.

Digər tərəfdən, nisbətən qanuni və normal fəaliyyət göstərən, yəni həm işəgötürənlə, həm də iş axtaranla əməkdaşlıq edən, vasitəçilik funksiyasını yerinə yetirən kommersiya hüquqlu şirkətlər də mövcuddur. Onların fəaliyyəti nisbətən daha şəffaf görünür.

Qeyd etmək lazımdır ki, dövlət orqanları, xüsusilə də DMA də bu sahədə vasitəçi rolunu oynayır və onlar bu xidmətə görə vətəndaşdan heç bir ödəniş ala bilməzlər. Lakin bizdə çox hallarda kommersiya vasitəçiləri həm işəgötürəndən, həm də işçidən ödəniş tələb edirlər ki, bu da əslində beynəlxalq təcrübəyə ziddir.

Xarici ölkələrdə bu cür vasitəçilik fəaliyyəti ilə məşğul olan qurumlar olduqca ciddi şəkildə nəzarətdə saxlanılır. Onlar yalnız işçini tapıb işəgötürənlə tanış etdirməklə kifayətlənmirlər, həmçinin işçini peşə baxımından hazırlayır, lazım gəldikdə istiqamətləndirici təlimlər keçirirlər. Hazır işçi şirkətə təqdim olunur və bunun müqabilində ödənişi işəgötürən şirkət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə