“Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar” - EKSPERT DANIŞDI

“Ailə düzgün motivlər əsasında qurulmayanda boşanmalar baş verir. Son dövrlərdə nikahların sayında azalma, boşanmalarda isə artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında 46 mindən çox nikah, 20 minə yaxın isə boşanma halı qeydə alınıb”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Bəs, boşanmaların artmasına səbəb nədir? Səbəbkar kişilərdir, yoxsa qadınlar?
Boşanma mürəkkəb sosial hadisədir. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.

Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar. Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur:

- İqtisadi problemlər;
- Zorakılıq;
- Sevginin bitməsi;
- Pis adətlərin başlanması;
- Cinsi soyuqluq;
- Qadınların baxımsızlığı.

Boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil. Qadın özünə daha çox diqqət yetirməlidir. Evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışırlar. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyil edir. Bunun səbəbkarı yenə də qadın özü olur.

Qadınlarla bərabər kişilər də günahkardır. Tənbəllik, işsizlik, maddi sıxıntı bunlar hamısı boşanmanın nəticəsidir. Qeyd edirəm ki. zərərli vərdişlər və .s kişilərdə bunu çox saymaq olar. Təbii ki ən birinci zərərli vərdişlərdir, mənim üçün bir də xəyanətdir. Xəyanət özü elə boşanmağa bir səbəbdir.

Bəzən də alimentin gündən günə qalxması elə bilirəm ki, qadınlarda özgüvən əmələ gəlir ki, alimenti alacam və övladımı saxlayacam. Sanki boşanmaya meyil göstərirlər. Amma bilsinlər ki, ailəni qoruyub saxlamaq daha möhtəşəm olar. Sonda bu kişi ilə qadının boşanmasında ən çox əziyyət çəkən uşaqlardır. Uşaqlar da bizim sabahımız və gələcəyimizdir. Onları düşünərək boşanmağa nöqtə qoymalıdırlar.

Bunu da qeyd edim ki, Hindistanda boşanmaların sayı azdır, çünki hər iki tərəf güclü təzminat ödəməlidir boşandıqları zaman. Çox istərdim ki, Azərbaycanda da bu tətbiq olunsun, boşanan zaman qadında kişi də təzminat ödəsin. Aliment qalxdıqca qadınlarda özgüvən yaranır.

Sonda bunu düşünürəm ki, ağıllı qadın və ya ağıllı kişi həyatı boyu ailəsini dağıdıb isti aşına soyuq su qatmaz. Heç bir uşaq natamam ailədə böyümək istəməz. Bütün uşaqlar tamam ailədə böyümək istəyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə