Küçələrdə satılan pirojki və qutabların yaratdığı təhlükə NƏDİR? - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI

"Açıqda, yol kənarında satılan bir çox qidalar bəzən keyfiyyətli məhsullardan istifadə olunmadan hazırlanır". Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, küçədə insan sağlamlığı üçün yararsız olan, eyni zamanda xüsusilə sağlamlığa zərər vuran yağlardan istifadə olunur: "Daha çox peraşki və onun kimi ponçik, qızartma məhsullardan istifadə etdikdə bu yağ dəfələrlə qızdırılır, bəzən bişirilən qab belə təmizlənmədən növbəti günə saxlanılır. Növbəti gündə də köhnə yağla yeni yağ qarışdırılaraq tərkib pozulur. Bu kimi məhsullar bəzən açıq şəkildə satılır. Bu da təhlükənin bir tərəfidir. Çünki açıqda olan məhsullar küləklə, ətrafda olan çirklənməyə məruz qalır. Bu qidaları qəbul etdikdə insan orqanizmində bir çox fəsadlara yol açır. Həm də həmin məhsulların saxlanma şəraiti də düzgün olmadığından tərkibində bir çox dəyişikliklər baş verir. Bu kimi məhsulları qəbul edən insanlarda həzm sistemində pozulmalar, bir çox xəstəliklərə yoluxma halları yaşanır. Bu qidalar bir çox hallarda qida təhlükəsizliyinin tələblərinə cavab vermir. Burada qidanın hazırlanması üçün seçilən xammallarda daha çox qiymət aşağı olduğu üçün daha keyfiyyətsiz və daha ucuz xammaldan istifadə olunur. Xüsusilə də, həmin məhsulları qəbul edən insanlar bəzən dərhal zəhərlənmə, yaxud digər hallar baş vermirsə, bu, həzm sistemində pozulma, maddələr mübadiləsinin pozulması, bağırsağın mikroflorasının pozulması ilə də nəticələnir. Ona görə belə məhsullardan almaq tövsiyə olunmur. Əgər peraşki, bu kimi məhsul alınacaqsa, mütləq satılan yerin sanitar-gigiyenik normalara uyğun olmasına baxmaq lazımdır. Məhsulla istehlakçı arasında şəffaf vitrin olmalıdır. Alıcı həmin məhsulları görsün, lakin toxuna bilməsin".

"Mütləq satıcının xüsusi geyimi, əlində əlcək olmalıdır. Pulu qəbul edən satıcı əlcəksiz əllə qəbul edirsə, sonra əlcəksiz şəkildə məhsulu təqdim edirsə, bu da təhlükəlidir. Satış yeri də təmizliyə uyğun olmalıdır. Məhsulların təzəliyini göstərən etiketlərin vitrində gündəlik dəyişdirilə bilən şəkildə vurulması lazımdır. Bu şəkildə olduğu halda həmin məhsuldan almaq olar. Ancaq bəzən olur ki, küçədə açıq şəkildə satılan peraşkilər souslarla təqdim olunur. Bəzən bir neçə şəxsin həmin peraşkiləri yeyib o sousa batırması insanlardan bir-birinə yoluxma halları yaradır. Bir çox virus mənşəli xəstəliklər tüpürcək, hava damcı yolu ilə keçə bilər. Yaxşı olar ki, bu kimi məhsulları hazırlayarkən təmizlik qaydalarına riayət olunsun, istifadə olunan yağlar haqqında məlumat dəqiq şəkildə göstərilsin. Qızardılacaq qablar təmizlənməlidir. Bu məhsulların bişirilməsi və qida məhsullarının satışını həyata keçirən müəssisələr mütəmadi olaraq aidiyyəti orqanlar tərəfindən yoxlanılmalıdır. Çünki əksər hallarda kütləvi zəhərlənmə baş verdikdən sonra müəyyən yoxlamalar aparılır. Vaxtı-vaxtında tədbirlərin görülməsi daha təqdirəlayiqdir.

Xüsusilə də, bəzən bu kimi yerlər məktəblərə yaxın yerlərdə olur ki, bu da təhlükənin digər tərəfidir, çünki məktəbli uşaqlar inkişaf dövründə olduğu üçün daha çox keyfiyyətli qida məhsullarından istifadə etməsi lazımdır. Uşaqlar, yaşlı insanlar və xroniki xəstəliyi olan insanlar hər zaman risk qrupunda olduqları üçün mənşəyi bəlli olmayan məhsulları alması tövsiyə olunmur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə