“Efirlərdə daha çox submədəniyyəti təbliğ edirlər“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Orta məktəblərdə Azərbaycan mədəniyyətinə aid fənn tədris olunmalıdır. Gənc nəslə Azərbaycan mədəni dəyərlərini sevdirmək üçün ilk öncə Vətənin dəyərlərini tanıtmaq lazımdır. O zaman gənclər Azərbaycan musiqisini, ədəbiyyatını, rəssamlıq məktəbini, kino sənəti ilə yaxından tanış olmağa maraqlı olacaqlar. Universitetdə tələbələr arasında çox sayda hansı Azərbaycan filmlərini, kino aktyorlarını, rejissorlarını tanıdıqları ilə bağlı sorğu keçirdim. Təəssüf ki, verilən cavablar məni qane etməyib. Dəfələrlə vurğulamışam orta məktəblərdə mütləq şəkildə Azərbaycan mədəniyyəti fənni tədris olunmalıdır. Belə olduğu halda ən azından maraq yaranar”. Bu sözləri SİA-ya danışan kulturoloq Vüsalə Məmmədzadə deyib.

Kulturoloq hesab edir ki, televiziyalarda öz filmlərimiz az nümayiş olunur: “Təəssüf ki, televiziya kanallarında köhnə Azərbaycan filmlərinə ancaq bayram günlərində yer ayrılır. Yaxşı olardı ki, bunları hər həftə sonunda nümayiş etdirsinlər. Azərbaycanın çox görkəmli kino və teatr rejissorları, aktyorları olub. Bunlar haqqında o qədər maraqlı məlumatlar yazmaq olar. Hətta elə köhnə Azərbaycan kinoları var ki onları efirdə görə bilmirik”.

Azərbaycan musiqilərinə gəldikdə isə Vüsalə Məmmədzadə gənclərə elitar, kütləvi və xalq musiqisinin fərqini izah etmək lazım olduğunu qeyd edib: “Gənclərə Azərbaycan musiqisi sənətinin zənginliyini aşılamaq, aşıq sənətinin, muğam sənətinin dünya mədəni irs siyahısına hansı səbəbdən daxil olmasını təbliğ etmək lazımdır. Azərbaycan musiqisi, əsasən, 3 istiqamətdə təbliğ olunur: elitar, kütləvi və xalq musiqisi. Gənclərə bunların bir birindən fərqini başa salmaq lazımdır. Təəssüf ki, efirlərdə daha çox submədəniyyəti təbliğ edirlər. Mədəniyyətin təbliğatında televiziyanın rolu əvəzsizdir, bu gün isə Azərbaycan mədəni dəyərləri yanlış təbliğ olunur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə