Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Müstəqillik günü" adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün "Modern İnkişaf və Ailə" İctimai Birliyi, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Müstəqillik günü" adlı tədbir keçirilib. SİA xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri,YAP veteranlar şurasının üzvü Zərifə Quliyeva, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək bildiriblər ki, 28 may müstəqillik günü tariximizdə xüsusi önəm daşıyır.1918-ci ildə Xalq Cümhuriyyətin Azərbaycanda yaranması müstəqil Azərbaycanın dövlətçilik tarixində ilkin ruşeym oldu. Ancaq təssüflər olsun ki, xalq cümhuriyyətin mövcudluğu uzun sürmədi. Bu gün qürurla deyə bilərik ki, müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında əbədiyaşar liderimiz Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.

Birillik rəhbərləri onu da deyiblər ki, ulu öndər Heydər Əliyev 2-ci dəfə Azərbaycana rəhbərliyə gəldikdən sonra ölkəmizi dağılma təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas etmişdir. Fəxrlə deyə bilərik ki, Qalib Prezident İlham Əliyev böyük Heydər Əliyev siyasi kursuna sadiq qalaraq ata vəsiyyətini şərəflə yerinə-yetirərək xalqımızın erməni daşnakları tərəfindən işğal edilmiş əzəli, əbədi Qarabağ torpaqlarını xalq-iqtidar birliyi və dəmir yumruğu ilə geri qaytarmışdır. Fədakar Azərbaycan ordusunun Ali Baş Komandanı, qüdrətli Prezidentimiz tarixi qələbə zəfərini qazanaraq ərazi bütövlüyümüzü təmin etmişdir.

Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə Millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İsgəndərov, Aydın Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, Yazıçı-publisist Elmira Axundova, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna Mirzədadə, YAP veteranlar şurasının üzvü Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Sayman Aruz, Yazıçı-publisist Şərəf Cəlili, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal,ictimai-siyasi fəal şəxslər iştirak edərək çıxış ediblər.

Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın gələcək inkişaf naminə dövlət quruculuğu vətəndaş həmrəyliyi ilə bağlı həyata keçirdiyi tarixi xidmətlərindən söz açıblar.

Natiqlər bildiriblər ki, böyük Heydər Əliyev Müstəqilliyimizi xaos, anarxiyadan xilas edərək Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin etmişdir.

Bu gün əminliklə demək olar ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Onun irsinin layiqli davamçısı Müzəffər Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Qeyd edək ki, tədbirdə bayrağımızı beynəlxalq arenalarda dalğalandıran idmançılarımız İbrahim Quluyev, İsmayıl Quluyev, Niderlandda fəaliyyət göstərən Life 24 kanalının əməkdaşı Kəmalə Cəlilova o, cümlədən yaradıcılıq fəaliyyəti ilə məşqul olan gənc yaradıcı eyni zamanda ictimai fəal Ləman Fərziyeva, bir qurub ictimai fəal şəxslərə fəxri fərman və hədiyyələr təqdim edilib. İncəsənət ustalarının ifasında milli, vətənpərvər ruhda mahnılar səslənib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə