Sosial media və onun QURBANLARI - ARAŞDIRMA

Biz müxtəlif işlərimiz üçün “Facebook”, “Twitter” və ”İnstagram” kimi bir çox sosial şəbəkələrdən istifadə edirik. Üstəlik, etiraf etməliyik ki, bu platformalardan istifadə etməkdən də həzz alırıq. Şəkillərimizdəki bəyənmələri saymaqla, nə etdiyimizi, nə içdiyimizi söyləməkdən, göstərməkdən aldığımız diqqətdən çox razıyıq. Lakin sosial medianın əhvalımızı pozacaq təsirini görən kimi də onu günahlandırırıq. Halbuki bu tətbiqi biz özümüz bilərək və istəyərək mobil telefonumuza yükləmişik.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İngiltərədə aparılan bir araşdırma bu məsələyə baxışımızı ortaya qoyur. 2266 nəfər üzərində aparılan araşdırmada iştirakçılara sosial medianın həyatlarının mühüm anlarına necə təsir etdiyi soruşulub. Araşdırmanın nəticələrinə görə, hər 10 britaniyalıdan biri sosial medianın həyatlarının mühüm anlarına mənfi və birbaşa təsir etdiyini söyləyir. Onlar deyir ki, bütün baş verən neqativ hallar sosial medianın günahıdır. Digər tərəfdən, iştirakçıların 13 faizi sosial şəbəkədə foto paylaşmağı sevmədiklərini və buna səbəb kimi “Mənim şəkillərim başqalarının fotoşəkilləri qədər yaxşı görünmür” deyir.

Müqayisələr aparılır

Eyni araşdırmanın nəticələrinə görə, iştirakçıların 85 faizi mühüm anlarını sosial mediada izlədikləri digər insanların paylaşımları ilə müqayisə edir və nəticədə üzülürlər. Düşünürəm ki, müzakirə edilməli olan əsas məsələ buradakı düşüncə tərzinin birbaşa sosial medianın işləməsi ilə bağlı olub-olmamasıdır. Bəli, hər kəs həyatının “ən yaxşı həyat” olduğunu göstərməyə çalışır, bəs bu “günah”ın neçə faizi sosial mediadadır?

Dəyişmək insanlığın əlindədir

Sosial medianın faktiki fəaliyyəti o qədər qəddar olsa belə, psixi sağlamlığımız üçün birbaşa təhdid kimi görünsə belə, həqiqətən edilməsi lazım olan şey düşüncə tərzimizi dəyişdirməkdir. Sosial media hesablarımız güzgüdür. O güzgünün nəyi və necə əks etdirdiyini və güzgüdə necə göründüyünü müəyyən etmək isə tamamilə bizə bağlıdır. Keçmişdə sosial media hesablarımıza “nəhəng güzgü” kimi baxmasaydıq, bu gün həyatımıza bu qədər böyük təsiri olmazdı.

Sosial media və boşanma

Sürətlə inkişaf edən texnologiya bir çox fərqli sosial media tətbiqinin ortaya çıxmasına səbəb oldu və sosial media daha çox insanların bir-biri ilə əlaqə qurduğu və özləri haqqında paylaşdığı platformalar kimi tanınır. Ancaq günlər keçdikcə sosial medianın funksiyası və məqsədi dəyişməyə başlayıb. Belə ki, sosial medianın insanların real həyatına təsiri günü-gündən artır.

Əslində bir çox insan sosial mediada özlərinə qeyri-real saxta həyatlar yaradır və bu həyatları tərk edib real həyata qayıtdıqda axtardıqlarını tapa bilmir və real həyat onlara həzz vermir. Onların sosial mediada qurduqları əlaqələr daha real görünür və bu, günümüzün ən diqqət çəkən mövzularından birinə qədər uzanır. Bu da sosial medianın evliliyə təsiridir.

Sosial Medianın Evliliyə Təsiri

Sosial medianın evli cütlüklərə təsirinin günbəgün artdığı iddia edilir. Bunu yanlış adlandırmaq yalan olar. Çünki həyatın bütün sahələrində olduğu kimi, sosial medianın da evliliyə təsiri əhəmiyyətlidir və mənfi təsir göstərir. Əgər cütlüklərdən biri belə sosial mediaya həddindən artıq qarışırsa, bu, hər iki tərəfə mənfi təsir edir.

Misal üçün, əgər cütlüklərdən biri davamlı olaraq sosial şəbəkədə vaxt keçirirsə, bu, cütlük arasında soyuqluq yaradacaq, çünki sosial media ilə məşğul olan şəxs partnyorunun heç bir şeyi ilə maraqlanmır. O, real həyatda mövcud olan həyatdansa, saxta həyata üstünlük verir.

Sosial media və boşanma hallarında artım

Sosial medianın populyarlaşması ilə boşanma halları artmağa başlayıb və cütlər arasında davam edən sosial media müzakirələri ciddi həddə çatdıqda asanlıqla boşanma qərarı verə bilirlər. Sosial media asılılığı cütlükləri bir-birindən uzaqlaşdırır və boşanmaları asanlaşdırır, sosial mediadakı hərəkətlər də cütlüklər arasında problemlər yaradır.

Sosial medianın boşanma hallarına təsiri bir çox evlilikləri bitirir və mübahisələrə səbəb olur. Misal üçün, Sosial şəbəkələrdə əks cinsdən olan insanlarla söhbət etmək, çoxlu dostluq əlaqələri qurmaq, hətta partnyorunuzun istəmədiyi şəkilləri paylaşmaq da qüsur sayıla bilər.

Bu kimi amillərə görə evlilik asanlıqla bitə bilər və cütlər sosial mediada yaranan fikir ayrılıqlarına görə boşanma qərarı verə bilərlər.

SOSİAL MEDİA QURBANLARI

Dünyadan nümunə

Sosial medianın qurbanları arasında iki yeniyetmə də var. Biri 14 yaşlı şagird, digəri 20 yaşlı gənc qadındır. Bir neçə il öncə həyatları sona çatan iki gənc, ailələrini və sevdiklərini ömürləri boyu keçə bilməyəcəkləri sonsuz ağrılar içində qoyub.

Mia Janin Şimali Qərbi Londonda yaşayan 14 yaşlı tələbə idi. O, 12 mart 2021-ci ildə ailəsi tərəfindən evində ölü tapılıb. Atası Mariano Janin mediaya verdiyi açıqlamalarda qızının sosial şəbəkədə ona yönələn təqiblər nəticəsində intihar etdiyini bildirib. Ata bu yaxınlarda Mianın ölüm səbəbini araşdırmaq üçün açılan məhkəmə iclasında eyni iddianı təkrarladı.

Məhkəmədə Mianın dostlarının polisə verdiyi ifadələr də oxunub. Bu ifadələr, Mianın “TikTok” və qurduqları “Snapchat” qrupu vasitəsilə məktəbində bəzi kişi tələbələr tərəfindən təqib edildiyini və ələ salındığını ortaya qoydu. Mianın bir dostu bildirmişdi ki, Mianın dostları bu tələbələr tərəfindən “intihar dəstəsi” ləqəbini alıblar.

Morgan Ribeiro isə 20 yaşlı gənc qız idi. İllərdir artıq çəkili olduğu üçün ələ salınan və sosial mediada təzyiqlərə məruz qalan gənc qadın bir neçə həftə əvvəl həyatı bahasına başa gələcək bir qərar verir və artıq çəkidən xilas olmaq üçün mədə kiçiltmə əməliyyatı üçün Türkiyəyə yollanır.

Əməliyyatdan sonra Morqan sevgilisi Ceymi ilə birlikdə İngiltərəyə qayıdarkən təyyarədə xəstələnir. Təyyarə Serbiyada təcili eniş edir və gənc qadın xəstəxanaya çatdırılır. Təəssüf ki, Morqan bütün müdaxilələrə baxmayaraq xilas ola bilmir və ölür.

Türkiyədə əməliyyat keçirən cərrah Morqanın əməliyyat nəticəsində deyil, təyyarədə keçirdiyi emboliya nəticəsində dünyasını dəyişdiyini iddia edir.

Morqan sosial şəbəkədə paylaşdığı son fotoya bu sözləri yazıb: “Arıqlamaq əməliyyatından əvvəlki son paylaşımım. Sonra görüşərik".

Burada vurğulanması lazım olan əsas məsələ odur ki, bir çoxlarının, adətən gənc qadınların həyatları sosial mediada artan təzyiqlərə görə dözülməz hala düşüb və nəticədə Mia, Morqan və onlar kimi bir çoxlarının həyatının sonu olub. Ən əsası isə bu vəziyyətin qarşısını almaq üçün nə etmək lazım olduğuna dair ciddi, işlək üsullar olmalıdır.

Amma unutmayaq ki, bütün sosial pozuntular sosial media tərəfindən icad olunmayıb. Sosial medianın müsbət tərəfləri də var. Uşaqlarımızı və gənclərimizi sosial medianın müsbət cəhətlərindən istifadə etməyə təşviq etməliyik. Lakin, uşaqlarda bunların istifadəsinə nəzarət edək və onlara rəhbərlik edək. Çünki zərərsiz görünən şeylər gələcəkdə həm özləri, həm də ailələri üçün böyük problemlər yarada bilər.

Sosial medianın Mia və Morqan kimi daha çox gəncin həyatını almasına mane olmaq ailələrin, məktəblərin, hökumətlərin, sosial media qruplarının, qeyri-hökumət təşkilatlarının, bir sözlə, hamımızın borcudur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə