"Problemlərin həlli üçün həm həmkarlıq, həm də həmrəylik lazımdır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Hal-hazırda dünya çox mürəkkəb, təzadlı bir dövr yaşayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, həcm etibarilə dünyanın istehsal prosesi artır: "Baxmayaraq ki, tənəzzül meyilləri qüvvədədir. Digər tərəfdən enerjiyə təlabat artır. Enerji generasiyasının nə dərəcədə siyasi məsələyə çevrildiyini görürük.

Digər tərəfdən də Avropanın çox etibarlı tərəfdaşı olaraq enerji təhlükəsizliyinə çox böyük pay veririk. Ənənəvi qaz resurslarını ötürməklə bərabər, həm də yaşıl enerjiyə köklənirik. Bu da çox böyük gələcəyi olan bir istiqamətdir. Ona görə də Bakı platformasında indi şirkətlərin nümayəndələri arasında məsləhətləşmələr, razılaşmalar əldə olunub. Texnoloji və texniki tapıntıların, yeniliklərin tətbiqi məsələsi də gündəmdədir. Çünki istər-istəməz, bütün insan cəmiyyəti iqlim dəyişiklikləri, qlobal istiliklə üz-üzədir. Bu problemlərin həlli üçün həm həmkarlıq, həm də həmrəylik lazımdır".

Onun sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edəcək: "Faktiki olaraq indidən iştirakçılar artıq öz fikirlərini toparlayır, ideya və yanaşmalarını korrektə edirlər ki, noyabr ayında Bakıda öz baxışlarını, yanaşmalarını lazımi qaydada və layiqli şəkildə təqdim etsinlər. Bakı isə bunun üçün çox gözəl, əlverişli şərait yaradır. Prezidentin çıxışından da məlumdur ki, bizdə qaz hasilatında artım var. Çünki biz artıq demək olar ki, yaşıl enerjini istehsal etməyə başlamışıq. Bu keçid qaçınılmazdır. Azərbaycan birada çox yığcam bir ölkə olmağına baxmayaraq böyük istiqamətlərdə, vacib taleyüklü, əhəmiyyətli sahələrdə özü göstərir ki, biz vaxt itirmədən yeni texnoloji tapıntıları tətbiq etməyə başlamalıyıq, aparıcı şirkətlərin qurğularını istifadə etməliyik. Enerji həftəsi çərçivəsində artıq Azərbaycanda üç yeni elektrik enerjisi istehsal edən müəssisənin təməli qoyuldu. Bunlardan ikisi günəş, digəri külək enerjisində işləyəcək. Ənənəvi tərəfdaşımız olan BƏƏ-nin "Masdar" və digər şirkətləri də bu prosesə qatılıblar. Demək olar ki gündəmdə olan ən vacib məsələlərlə bağlı həll alqoritmlərini formalaşdırır, tərtib edir, tətbiq edirik. Burada baxışlar gərək mütləq fərqli olsun. Çünki yanaşmaların müxtəlif olduğu halda kəsişmə nöqtəsində yeni, çox mütərəqqi baxışlar ortaya çıxır. Ona görə də Azərbaycan bu məsələlərin hamısına böyük əhəmiyyət verir.

2027-2030-cu illərə qədər karbon emissiyasını xeyli dərəcədə azaldacağıq. Azad olunmuş Qarabağ torpaqları, Naxçıvan Muxtar Respublikası və Azərbaycanın digər yerlərində də karbon emissiyası sıfır səviyyəsində olacaq. Bir çox ölkələr gərək bunu tətbiq üçün nəzərə alsınlar və digər tərəfdən də Azərbaycanın bu vacib, qaçılmaz olan məsələlərdəki fəallığını öz hərəkətləri, dinamik yanaşmaları ilə təsdiqləsinlər. Bakı Enerji Həftəsinin də əsas qayələrindən biri odur ki, bütün iştirakçılar bir araya toplaşaraq həm faydalansınlar, həm də yeni mənəvi enerji alaraq onu fiziki enerjiyə transfer etməyə müvəffəq olsunlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə