Müsabiqədə əsas məqsəd irsiliyin qorunmasının təbliğidir

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Qazax və Azərbaycan xalqları bir-birinə çox yaxındırlar. Biz bu yaxınlığı, doğmalığı hər yerdə, hər zaman hiss edirik. Adət-ənənələrimiz oxşardır. Azərbaycanlılar da Qazax xalqı kimi köklərinə çox bağlıdırlar, ağsaqqala, ağbirçəyə xüsusi ehtiram göstərmələri ilə diqqət çəkirlər.

SİA xəbər verir ki, bunu Qazaxıstanın Manqistau vilayətinin Ağsaqqallar və Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov Azərbaycan Ağsaqqallar Şurasında görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Ölkəsində milli və mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan qonaq bildirib: “Belə layihələrdən biri də Manqistau Dövlət Televiziya Kanalı tərəfindən türk xalqlarının (oğuz, qıpçaq türklərinin) adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini tərənnüm edən “Ata və övladları” mövzusunda müsabiqənin təşkil edilməsidir. Bu yaxınlarda müsabiqənin qalibləri bəlli olub. Müsabiqədə əsas məqsəd irsiliyin qorunmasının təbliğidir.

Bura gəlməkdə məqsədimiz Azərbaycanda qorunub saxlanılan oğuz mədəniyyəti, ənənələri, ailə dəyərləri ilə tanış olmaqdır”.

Qonaq vurğulayıb ki, oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə