Yaponiya və Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı

Yaponiya və Cənubi Koreyanın maliyyə nazirlikləri arasında iyunun 25-də keçiriləcək görüşdə Rusiya və Şimali Koreyaya (KXDR) qarşı sanksiyalar müzakirə olunacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Kyodo” agentliyi xəbər verir ki, Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki bunu Tokioda keçirilən mətbuat konfransında deyib.

“Tərəflər iqtisadi və maliyyə sahəsindəki aktual məsələləri, həmçinin Rusiya və Şimali Koreyaya qarşı sanksiyaları müzakirə edəcəklər. Mövzulardan biri də regionda və iki ölkə arasında iqtisadi əməkdaşlıq olacaq”, - deyə Syuniti Sudzuki bildirib.

Nazirin sözlərinə görə, Yaponiya və Cənubi Koreya rəsmi Moskva və Pxenyan arasında iyunun 19-da imzalanan saziş fonunda maliyyə axınının bu ölkələrə daxil olmasının qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparacaq. Görüş Yaponiya və Cənubi Koreya arasında 2006-cı ildən aparılan maliyyə dialoqu çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Şimali Koreya və Rusiya hər iki ölkənin başçıları arasında aparılan danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq üzrə saziş də daxil olmaqla bir sıra müqavilələr imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə