Xarici media “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” toplantısından yazır - FOTOLAR

Xarici media Azərbaycanda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantıdan yazır. SİA xəbər verir ki, tədbirin ikinci günü haqqında “Ednews” portalı və digər Avropa nəşrləri məlumat verir. “Ednews” tərəfindən nəşr olunan məqalədə oxuculara iştirakçıların iqlim dəyişikliyi ilə mübarizədə elmin, texnologiyanın və innovasiyaların rolunu, qida və kənd təsərrüfatı sektorlarının vəziyyətini və iqlimin maliyyələşdirilməsini müzakirə etdikləri dörd panel sessiyasının təfərrüatları təqdim edilir. Məqalədə görüşün ilk günündə baş tutan panel müzakirələrinə də diqqət yetirilir və tədbirin iyunun 21-də Zəngilanda davam edəcəyi bildirilir.

Yaponiyanın “AJmedia” xəbər portalı da Bakıda keçirilən Azərbaycanda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı haqqında ətraflı məlumat verib. Məqalədə Bosniya və Herseqovinanın keçmiş Baş naziri və xarici işlər naziri Zlatko Laqumçiyanın moderatorluğu ilə keçirilən tədbirin ilk gününün birinci panel müzakirəsi barədə hesabat dərc olunub.

Portalın məqaləsində qeyd edilir: “COP29-un baş müzakirəçisi, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 komandasının iyul ayında yeni beynəlxalq tədbir təşkil edəcəyini bildirib və maraqlı tərəflərin qeyri-rəsmi şəraitdə iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə edə bilməsi üçün görüşün əhəmiyyətini vurğulayıb”.

Portal oxucuların diqqətini Yalçın Rəfiyevin bütün dünyada insanların iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkdiyini, beynəlxalq ictimaiyyətin isə qlobal temperaturun 1,5 dərəcə Selsidən yuxarı qalxmasını məhdudlaşdırmaq üçün Paris sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirən sözlərinə cəlb edir.

Azərbaycanda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı digər xarici media orqanları tərəfindən də işıqlandırılır. Tədbir haqqında məlumat BMT və CGIAR da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların əsas səhifəsindəki xəbər lentlərində operativ şəkildə yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə