Şamaxıda gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib - FOTOLAR

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumu iyunun 21-də Şamaxıda işini davam etdirib. SİA xəbər verir ki, forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri gündəmdə olan iqlim məsələlərini təşviq etmək və ekoloji həll yollarını tapmaq üçün “Gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparıb. Müzakirələr zamanı gənclər iqlim dəyişikliyinin onların həyatına necə təsir etdiyini təhlil etmək və gündəlik həyatlarında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mümkün tədbirləri və həll yollarını irəli sürüblər.

Forumun ikinci günü yerli və əcnəbi gənclərin iştirakı ilə keçirilmiş intellektual oyunlarla başa çatıb.

Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər iştirak edirlər. Forum müddətində gənc iştirakçılara mədəniyyətlərarası qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar yaradılıb. Tədbir proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək və xüsusilə, mühüm qlobal problemlərin həlli üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxil olacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 59 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə