Fransanın Ermənistan əhatəsindəki maraqları - TƏHLİL

Son zamanlar Fransa ilə Ermənistan arasında münasibətlərdə mühüm irəliləyişlər var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Fransaya səfəri bu ölkələr arasında əməkdaşlığın və diplomatik əlaqələrin gücləndiyini bir daha nümayiş etdirir. Xüsusilə, iyunun 20-də Emmanuel Bonn ilə keçirilən görüşdə ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq platformalarda əməkdaşlıq imkanlarının müzakirə olunduğu da məlumdur.

Digər tərəfdən Fransanın Ermənistanı külli miqdarda silahlandırması regional balanslara təsir etmək potensialına malikdir. Bu silahlanma siyasəti Azərbaycanın xüsusi reaksiyasına səbəb olmuş və regionda sabitliyi təhdid edən amil kimi qiymətləndirilmişdir. Azərbaycan Fransanın bu addımını sərt tənqid etməklə yanaşı, beynəlxalq ictimaiyyəti də bu məsələdə addım atmağa çağırıb. Azərbaycanın Müdafiə Nazirliyi hadisəyə reaksiya verərək bildirib ki, “Ermənistanın silahlanması ilə Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə və yeni müharibə mənbəyinin yaradılmasına görə məsuliyyət Yerevan administrasiyası və Makronun üzərinə düşəcək”. Beləliklə Azərbaycan tərəfi ölkənin hücum artilleriyası ilə təchiz edilməsinin “təxribatçı fəaliyyət” olduğunu iddia edib. Çünki Fransa rəsmilərinin bəyanatına görə Ermənistana yalnız müdafiə silahlarının veriləcəyi nəzərdə tutulmuşdu.

Demək olar ki, Fransanın Cənubi Qafqaz siyasəti və xüsusilə Ermənistana münasibəti regionda mövcud balansları sarsıtmağa hesablanıb. Bu vəziyyət xüsusilə Ermənistanın Rusiya ilə strateji əlaqələrinə və regional təhlükəsizlik qavrayışına təsir etməkdədir. Nəticədə Fransanın Ermənistana göstərdiyi hərbi dəstək regionda yeni gərginlik dalğasına və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına səbəb ola bilər.

Beləliklə Fransanın bu siyasəti regionda sülh prosesi və regional sabitlik üçün təhdid təşkil edir. Nəticədə, Fransa və Ermənistan arasında yaxınlaşma və hərbi əməkdaşlıq regional dinamikaya dərin təsirlər göstərir. Gələcəkdə bu münasibətlərin gedişatı və regiona təsirləri diqqətlə izlənilməlidir. Bu yeni proseslərdən, həll olunmamış problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin necə təsirlənəcəyi beynəlxalq ictimaiyyətin yaxından müşahidə etməli olduğu məsələdir.

Digər tərəfdən Ermənistan və Fransa arasındaki yaxınlaşma təsadüfi sayıla bilməz. Bu yaxınlaşma yəqin ki, Makron administrasiyasının Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı narahatlığından irəli gəlir. Bu kontekstdə Fransanın Ermənistana təzyiq göstərmək cəhdlərinə qarşı dözümlülük göstərmək riskli ola bilər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə