Türkiyəli nazirdən təklif...

Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çətiri altında “meqa şəbəkə” üzərində işləmək üçün texniki işçi qrupunun yaradılmasını təklif edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

A.Bayraktar Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT-in Enerji Nazirləri Toplantısına videokonfrans vasitəsilə qatılıb. Türkiyə naziri bu enerji transformasiyanın ancaq regional və qlobal səviyyədə əməkdaşlıq, eləcə də ciddi investisiyalar tələb edən köklü dəyişikliklərlə əldə oluna biləcəyinə diqqət çəkib: “Türkiyə olaraq 2053-cü il xalis sıfır emissiya hədəfinə çatmaq üçün unikal enerji transformasiyası strategiyası hazırlamağa çalışmışıq. Ölkədə enerji təhlükəsizliyinə xələl gətirmədən, milli enerji strategiyamıza uyğun olaraq, qarşıdakı 12 il ərzində bizə 60 giqavat günəş və külək enerjisi əlavə etməyə imkan verəcək bir şəbəkə qurmağı planlayırıq. Hökumətlərarası əməkdaşlıq genişləndirilərsə, birgə infrastruktur layihələri üçün daha çox potensial və sinerji yaradıla bilər.

Bütün ŞƏT ölkələri yaxşı inteqrasiya olunmuş meqa şəbəkə, eləcə də hərtərəfli elektrik nəqliyyat vasitələrinin enerji doldurma şəbəkəsi yaratmaq üçün birlikdə işləyə bilər. Biz artıq qonşularımız Gürcüstan, Azərbaycan, İran, Bolqarıstan və Yunanıstanla regionlarımızın qarşılıqlı əlaqə imkanlarını artırmaq üçün işləyirik. Bu meqa şəbəkədə ŞƏT-in çətiri altında mən məsələnin üzərində işləmək üçün texniki işçi qrupunun yaradılmasını təklif edirəm”.

Bayraktar 2025-ci ilin yazında və ya payızında işçi qrupunun ilk texniki toplantısını Türkiyədə keçirmək istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə