"Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini həll etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Müstəqil Azərbaycanın qurucusu, xilaskarımız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın həqiqətən də qurtuluşu oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, çünki təcrübəsiz və liderlik qabiliyyət olmayan liderlərin hakimiyyət başına keçməsi ölkəmizi uçuruma aparırdı: "Həqiqətən də, 1993-cü ildə Azərbaycanın müstəqilliyini itirməyinə günlər, bəlkə də saatlar qalırdı. Çünki ölkə parçalanmışdı və yaxşıya doğru heç nə getmirdi. Beləliklə 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu".

“Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Onun bu fədakarlıqları onu göstərirdi ki, hakimiyyətdəkilərdən fərqli olaraq Ulu Öndərin məqsədi, istəyi hansısa bir kürsü tutmaq yox, xalqı düşdüyü vəziyyətdən çıxarmaqdır. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib. Məhz bu Qurtuluş günü qoyulan sarsılmaz təməl bizi güclü bir Azərbaycanın vətəndaşına çevirdi. Ulu Öndərin qoyduğu siyasi xətlə inamla irəliləyən prezident İlham Əliyev bütün dünyaya göstərdi ki, Ulu Öndərin vaxtilə tutduğu yol doğru yoldur. Artıq Azərbaycan güclü, ərazisi bütov və müstəqilliyi sarsılmaz bir dövlətdir” - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə