Rusiyanın sülh təklifi müharibə vəd edir - TƏHLİL

G7 liderlərindən Ukraynaya maliyyə dəstəyi ilə bağlı bəyanatların gəldiyi bir gündə, Rusiya prezidenti Vladimir Putin Kiyev administrasiyasına, Rusiyanın nəzarət etdiyi əraziləri tərk edəcəyi və NATO hədəfindən əl çəkəcəyi təqdirdə atəşkəs vəd edib.

Rusiya prezidenti Vladimir Putin verdiyi bəyanatda, Ukraynanın 2022-ci ildən etibarən Rusiya qüvvələri tərəfindən nəzarətə götürülmüş dörd bölgədən qoşunlarını çıxarmağa başlasa və NATO-ya üzv olmaq planlarından imtina etsə, Ukraynada atəşkəs barədə "dərhal" əmr verəcəyini vəd edib.

Bu bəyanatlardan sonra NATO və Kiyev hökuməti Putinin təklifini rədd edib. Belə ki, Qərb müttəfiqlərinin olduğu təhlükəsizlik alyansına qoşulmağı planlaşdıran və Rus qoşunlarını bütün ərazilərindən çıxarmağı tələb edən Kiyev üçün Putinin atəşkəs vədi heç də qaneedici görünmür.

Ukrayna hökumətinin müşaviri Mykhailo Podolyak sosial media hesabında bu təklifi sərt şəkildə tənqid edərək, “Rusiyanın yeni təklifinin sülhlə əlaqəsi belə yoxdur” və tələbləri “tamamilə uydurma” kimi qiymətləndirib.

“Onun məzmunu beynəlxalq hüquqa qarşı son dərəcə təhqiramizdir və Moskvanın faktları qiymətləndirməkdə acizliyini ifadə edir”, deyib.

NATO-nun baş katibi Yens Stoltenberq də Brüsseldə keçirdiyi mətbuat konfransında Putinin təklifini tənqid edib və bu təklifin “xoş niyyətlə” edilmədiyini bildirib. "Ukrayna ərazisindən öz qoşunlarını çıxarmaq Ukraynanın deyil Rusiyanın vəzifəsidir" deyib.

Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynada genişmiqyaslı işğala başlayıb. Ukrayna qüvvələri Rusiyanın paytaxta doğru irəliləməsinin qarşısını aldıqdan sonra döyüşlərin əksəriyyəti cənub və şərqdə cəmləşib. Beləliklə Rusiya Ukraynanın şərq və cənubunda qeyri-qanuni ərazilər işğal edib.

Putinin atəşkəs bəyanatı çox kritik vaxta təsadüf edir. Çünki dünyanın hegemon güclərinin bir araya gəldiyi G7 sammiti davam etməkdədir. Eyni zamanda, İsveçrə zirvəsi, Ukraynada sülhə bağlı planların müzakirəsi üçün “Ukrayna Sülh Sammiti”nə Putindən başqa bir çox dünya liderlərini qəbul etməyə hazırlaşır.

G7 sammitinin ilk günündə liderlər 2024-cü ilin sonuna qədər Ukraynaya təqribən 50 milyard dollar (46 milyard avro) məbləğində əlavə maliyyə dəstəyi vermək üçün razılığa gəliblər. Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumiyo Kişida ilə 10 illik iki ayrı təhlükəsizlik sazişi imzalayıb.

G7 sammitində Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının liderləri, həmçinin Avropa İttifaqını təmsil edən Avropa Şurasının sədri iştirak edir. Onu da qeyd edək ki, 1998-ci ildə G8-ə qoşulan Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra təşkilatdan çıxarılıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə